NATO-da 143 milyardlıq Ukrayna planı mübahisə doğurdu: Gözlər Ankara zirvəsində...

21:55 15 May 2026

NATO-nın Baş katibi Mark Rutte müttəfiq ölkələrə ümumi daxili məhsullarının 0,25 faizini Ukraynaya ayırmağı təklif edib. Təxminən 143 milyard dollarlıq əlavə yardım potensialı yaradan təşəbbüs bəzi NATO üzvlərinin ciddi etirazı ilə qarşılaşıb.

ABŞ-ın hərbi yardımları azaltmasından sonra Ukraynaya dəstək yükü daha çox Avropa ölkələrinin üzərinə düşüb. Xüsusilə Fransa və İngiltərənin bu təşəbbüsə ehtiyatla yanaşdığı bildirilir. Məsələnin iyul ayında Ankarada keçiriləcək NATO zirvəsində müzakirə olunacağı gözlənilir.

Təklif qapalı toplantıda gündəmə gəlib. “Politico” nəşrinin məlumatına görə, Mark Rutte bu təklifi ötən ay NATO səfirlərinin qapalı keçirilən görüşündə irəli sürüb. Bildirilir ki, təşəbbüs bəzi ölkələrin Ukraynaya dəstək məsələsində digər müttəfiqlərlə müqayisədə daha çox yük daşımasından yaranan narazılıqları azaltmağa hesablanıb.

Baltik və Skandinaviya ölkələri ön plandadır

Kiel İnstitutunun Ukraynaya Dəstək Monitorinqi Hesabatına əsasən, Skandinaviya və Baltik ölkələri ilə yanaşı Hollandiya və Polşa ÜDM-lərinin daha böyük hissəsini Ukraynaya hərbi yardım üçün ayırır.

Almaniyanın düşüncə mərkəzi hesab edir ki, Qərbi Avropanın böyük dövlətləri iqtisadi imkanlarına uyğun səviyyədə yardım göstərsə də, Cənubi Avropa ölkələri hələ də “kiçik donorlar” olaraq qalır.

ABŞ yardımı azaltdıqdan sonra vəziyyət dəyişdi

Ukraynaya yardım məsələsi ABŞ Prezidenti Donald Tramp administrasiyasının yeni hərbi yardımların böyük hissəsini dayandırmasından sonra daha mürəkkəb xarakter alıb. Bu səbəbdən Avropa ölkələri və digər NATO müttəfiqləri Kiyevə dəstəyin əsas yükünü öz üzərlərinə götürmək məcburiyyətində qalıblar.

Fransa və İngiltərə təklifə şübhə ilə yanaşır

Diplomatik mənbələrin məlumatına görə, Ruttenin təşəbbüsü Fransa və İngiltərə daxil olmaqla bir sıra müttəfiqlər tərəfindən skeptik qarşılanıb. Bu səbəbdən təklifin hazırkı formada qəbul edilməsinin çətin olduğu vurğulanır.

NATO daxilində hər hansı ortaq qərarın qüvvəyə minməsi üçün təşkilatın bütün üzvlərinin razılığı tələb olunur. İki NATO diplomatı məsələ ilə bağlı konkret nəticənin əldə olunması üçün 7-8 iyul tarixlərində Ankara şəhərində keçiriləcək zirvənin hədəf seçildiyini bildirib.

Nigar,

Sitat.info



Xəbər xətti