"Azərbaycanda 2016-cı ilə qədər maaş və təqaüdlərin indeksləşdirilməsi rəsmi inflyasiya rəqəmləriə uyğun aparılırdı. 2015-də baş verən devalvasiyalar inflyasiyanı kəskin artırdı. 2016-cı ilin rəsmi inflyasiya rəqəmi 12,1% oldu. Bunu görən hökumət indeksləşmənin formulunu dəyişdi. 2016-cı ildən sonra maaş/təqaüdlərin indeksləşməsi illik nominal gəlir, əməkhaqqı artımının səviyyəsinə uyğun aparılmağa başlandı ki, insanlara daha az kompensasiya ödəmək mümkün olsun. Yəni, hökumətin əsas istəyi insanlara veriləcək indeksləşmənin azaldılması, qənaət edilməsi idi – çünki, əməkhaqqının nominal illik artımı hər il 3% civarında olurdu".
SİTAT.İNFO xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli deyib.
Onun sözlərinə görə, indi də təqaüdlərin indeksləşməsini elan etdilər, 3,4% indeksləşmə olacaq, yəni, 300 manat təqaüd alan indi 310 manat 20 qəpik təqaüd almalıdır: " Gördülər ki, bu lap ağ oldu, qiymətlər kəlla-çarxa çıxıb, insanların gözləntisi başqa idi, ona görə də, təqaüdçülərə birdəfəlik 200 manatlıq yardım ediləcəyi ilə bağlı qərar verildi. Qərara görə bu vəsait birdəfəyə ödənməyəcək, hər rüb 50 manat olmaqla il ərzində 4 dəfə təqaüdə əlavə olaraq ödəniləcək.
Yaxşı, sual yaranır, niyə bunu normal təqaüd artımı kimi indeksləşməyə əlavə etmirlər?!
Cavabı sadədir: Bu yanaşmanı qanuna salıb indeksləşməni, məsələn, nonimal əmək haqqının illik artımının 2 misli, və ya 3 misli kimi etsəydilər, gələn il də eyni göstəricilərlə indeksləşmə olmalı idi.
Ona görə də, bu ödənişi qanunla deyil də, Prezident fərmanı ilə edirlər ki, onun nüfuzuna müsbət təsir etsin, həm də hər il təqaüd artımı ancaq və ancaq Prezidentdən asılı olsun, halbuki, normalda bu qanunlarla tənzimlənməlidir.