Xəbər verdiyimiz kimi, ABŞ İranın müharibənin dayandırılması ilə bağlı təqdim etdiyi 14 maddəlik təklifi rədd edib.
İranın planı iki mərhələli danışıqlara əsaslanırdı. Birinci mərhələdə bütün cəbhələrdə döyüşlərin dayandırılması, ikinci mərhələdə isə nüvə proqramı ilə bağlı danışıqların başlanması nəzərdə tutulurdu.
ABŞ tərəfinin isə bu təklifi qəbul etmədiyi və nüvə məsələsində sərt mövqeyini qoruduğu bildirilir.
Belə olan halda, bölgədə müharibə yenidən alovlana bilərmi?
Məsələ ilə bağlı Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Sitat.info-ya açıqlamasında bildirib ki, tərəflər sonda müəyyən razılığa gələcəklər:
“Düşünürəm ki, hazırda informasiya müharibəsi gedir. Amma reallıqda İran və ABŞ müəyyən razılığa gələcək. ABŞ da özünün bəzi radikal iddialarından geri çəkilə bilər. Kiçik insidentlər baş verə bilər, lakin İranla ABŞ arasında genişmiqyaslı müharibə olmayacaq.
İran məsələsi təkcə İranla bağlı deyil, bu, Çin-ABŞ münasibətləri ilə də əlaqəlidir. Çinə səfər edən Tramp, görünür, İran məsələsində müəyyən məqsədlərinə nail olub”.
Aytac,
Sitat.info