İngiltərənin Financial Times qəzeti qlobal doğum səviyyələrinin sürətlə azalması ilə bağlı geniş araşdırma yayımlayıb. Araşdırmada qeyd olunur ki, bu proses artıq təkcə iqtisadi deyil, həm də texnologiya və sosial davranış dəyişiklikləri ilə bağlı qlobal problemə çevrilib.
Qlobal doğum böhranı dərinləşir
Məlumata görə, dünyanın 195 ölkəsinin 70 faizində doğum səviyyəsi əhali sabitliyini təmin edən 2,1 “yenilənmə səviyyəsi”nin altına düşüb.
66 ölkədə isə bu göstərici artıq 2-yə deyil, 1-ə çox yaxınlaşıb, bəzi ölkələrdə isə daha da aşağıdır.
BMT-nin əvvəlcədən proqnozlaşdırdığı rəqəmlər də özünü doğrultmayıb. Məsələn, Cənubi Koreyada 2023 üçün 350 min doğum gözlənilsə də, faktiki rəqəm 230 min olub.
Yalnız zəngin ölkələr problemi deyil
Doğum azalması artıq inkişaf etmiş ölkələrlə məhdudlaşmır. Meksika, Braziliya, İran, Tunisdə də oxşar eniş qeydə alınıb. Bir çox ölkə “zənginləşmədən əvvəl yaşlanır”.
Əsas səbəblər: iqtisadi və sosial faktorlar
Araşdırmada aşağıdakı amillər vurğulanır:
-
mənzil böhranı və yüksək yaşayış xərcləri
-
ailə qurmağın gecikməsi
-
uşağa baxış xərclərinin artması
-
sosial dəstək sistemlərinin kifayət etməməsi
Əsas diqqət texnologiyaya yönəlib
Mütəxəssislər bildirir ki, iqtisadi amillər yeganə səbəb deyil. Araşdırmalara görə smartfon və sosial media istifadəsi artdıqca üzbəüz ünsiyyət azalır, romantik münasibətlərin qurulması çətinləşir, tanışlıq və evlilik gecikir. 4G internetin yayılmasından sonra bir çox ölkədə doğum göstəricilərinin sürətlə düşməsi də bu hipotezi gücləndirir.
Tədqiqatçılar bildirir ki, gənclər daha az sosiallaşır, münasibət qurmaq üçün daha az insanla tanış olurlar. Sosial şəbəkələr gözləntiləri artırır, real münasibətləri çətinləşdirir. Araşdırmaya görə, doğum səviyyəsinin azalması artıq sadəcə iqtisadi problem deyil. Bu, iş gücü, iqtisadi artım və sosial sistemlərə ciddi təsir göstərən qlobal demoqrafik dəyişiklikdir.
Mütəxəssislərin fikrincə, əsas sual budur: insanlar az uşaq istədiyi üçünmü, yoxsa istədikləri ailəni qura bilmədiyi üçünmü doğum azalır?
Tehran,
Sitat.info