Trampın İran siyasəti strateji uğursuzluğa çevrilir - TƏHLİL

11:45 25 May 2026

ABŞ prezidenti Donald Tramp İranla qarşıdurmada hərbi baxımdan bir neçə uğur qazansa da, artıq daha böyük sualla üz-üzə qalıb: o, müharibəni uduzurmu?

Sitat.info xəbər verir ki, ABŞ-ın hücumlarından üç ay sonra İranın Hörmüz boğazına nəzarəti, nüvə proqramı ilə bağlı geri addım atmaması və hakimiyyətdə olan rejimin dəyişməməsi  Vaşinqtonun tam qələbə əldə etmədiyini göstərir. Analitiklər hesab edir ki, Tramp hərbi uğurları siyasi və geosiyasi qələbəyə çevirə bilmir.

 Tramp dəfələrlə “tam qələbə” bəyan etsə də, vəziyyət hələ də qeyri-müəyyən olaraq qalır. İranla diplomatik danışıqlar davam edir, lakin ABŞ eyni zamanda yeni hücumlarla bağlı təhdidlərini də saxlayır. Bu isə regionda cavab zərbələri riskini artırır. İran hərbi və iqtisadi baxımdan zəifləsə də, Hörmüz boğazı vasitəsilə dünya enerji təchizatına təsir göstərə bildiyini nümayiş etdirib. Bu da Tehranın əlini gücləndirən əsas amillərdən biri sayılır.

ABŞ-ın keçmiş Yaxın Şərq danışıqları üzrə nümayəndəsi Aaron David Miller bildirib ki, qısa müddətli əməliyyat kimi planlaşdırılan müharibə uzunmüddətli strateji problemə çevrilir.

Tramp kompromisə getməkdə çətinlik çəkə bilər. Çünki o, geri addım atmış kimi görünmək istəmir və "Birgə Hərtərəfli Fəaliyyət Planı" kimi əvvəlki nüvə razılaşmasının təkrarlanmasına qarşıdır.

Ağ Ev isə əksinə, əməliyyatın uğurlu olduğunu bildirir. Administrasiya hesab edir ki, ABŞ bütün əsas hərbi məqsədlərinə nail olub və Vaşinqtonun bütün variantları masada qalır.

 Tramp daxildə də təzyiqlə üzləşib. ABŞ-da benzinin bahalaşması, aşağı reytinqlər və Konqres seçkiləri öncəsi narazılıqlar onun mövqeyini zəiflədə bilər.

Müharibənin əvvəlində ABŞ və İsrailin hava hücumları İranın raket və hərbi imkanlarına ciddi zərbə vurub. Lakin İran buna Hörmüz boğazını bağlamaqla, həmçinin İsrail və Körfəz ölkələrinə hücumlarla cavab verib.

Əsas məqsədlərdən biri İranın nüvə proqramını dayandırmaq idi. Ancaq təhlilə görə, bu hədəf hələ də reallaşmayıb. İran zənginləşdirilmiş uran ehtiyatlarını qoruyub saxlayır və nüvə proqramından geri çəkilmək istəmir.

Bəzi analitiklər hesab edir ki, müharibə əksinə, İranı nüvə silahı yaratmağa daha da yaxınlaşdıra bilər. Onların fikrincə, Tehran özünü qorumaq üçün Şimali Koreya kimi nüvə silahına sahib olmağa çalışa bilər.

 Qeyd edək ki, ABŞ-ın Avropa müttəfiqləri Vaşinqtonun siyasətinə tam dəstək verməyib. Çin və Rusiya isə bu müharibədən ABŞ ordusunun zəif tərəfləri ilə bağlı nəticələr çıxarıb.

Ekspertlərin ümumi qənaətinə görə, müharibənin yekun nəticəsi hələ məlum deyil. Lakin hazırkı vəziyyət göstərir ki, ABŞ hərbi üstünlüyünə baxmayaraq, siyasi baxımdan istədiyi nəticəni əldə etməkdə çətinlik çəkir.

Nərgiz,

Sitat.info



Xəbər xətti