Evdə hazırlanan yeməklər nə qədər dadlı olsa da, fabrik istehsalı olan qidalar kimi güclü yemək istəyi yaratmır. Mütəxəssislərin fikrincə, qida istehsalçıları insanların dad duyğularını və beynin reaksiyalarını araşdıran sensor analiz mütəxəssislərinin köməyi ilə qısa müddətli, lakin çox güclü həzz hissi yaradan məhsullar hazırlayırlar.
Şəkər, rafinə edilmiş karbohidratlar, duz və yağın süni aromalarla birləşdirilməsi nəticəsində təbiətdə mövcud olmayan xüsusi qida tərkibi əldə edilir. Bu isə istehlakçılarda həmin məhsulu yenidən almaq və yemək istəyini artırır.
Mütəxəssislər bildirirlər ki, insan orqanizmi təkamül prosesində enerji üçün şəkərə, sinir və əzələ fəaliyyətləri üçün isə duza ehtiyac duyacaq şəkildə formalaşıb. Keçmişdə bu maddələri əldə etmək çətin olduğu halda, müasir dövrdə onları ehtiva edən emal olunmuş məhsullar marketlərdə və sürətli qida məkanlarında hər kəs üçün əlçatandır.
Araşdırmalar göstərir ki, asılılıq yaratmaq potensialı ən yüksək olan məhsullar yağ və rafinə edilmiş karbohidratların birləşməsindən ibarət qablaşdırılmış qidalardır. Çipslər, hazır tortlar, peçenyelər, pizzalar və dondurulmuş xəmir məhsulları bu siyahıda ön sıralarda yer alır.
Xüsusilə kartof nişastası və ağ un kimi rafinə edilmiş karbohidratlar orqanizmdə sürətlə qlükozaya çevrilərək qan şəkərinin qəfil yüksəlməsinə səbəb olur. Daha sonra baş verən sürətli eniş isə aclıq hissini artıraraq insanı daha çox qida qəbul etməyə sövq edir.
Alimlər xəbərdarlıq edirlər ki, ultra emal olunmuş qidaların qidalanmadakı payının cəmi 10 faiz artması belə ciddi sağlamlıq riskləri yarada bilər. Tədqiqatlara görə, bu artım piylənmə riskini 55 faiz, ürək-damar xəstəliklərindən ölüm riskini 50 faiz, 2-ci tip diabet ehtimalını isə 40 faiz yüksəldir.
Bundan əlavə, son araşdırmalar bu qidaların insult, idrak qabiliyyətinin zəifləməsi və həzm sistemi xərçəngləri ilə də əlaqəli olduğunu göstərir. Qlobal qida istehsalçıları məhsullarının qidalı və əlçatan olduğunu iddia etsələr də, mütəxəssislər istehlakçıları məhsul etiketlərini diqqətlə oxumağa və ultra emal olunmuş qidaların qəbulunu məhdudlaşdırmağa çağırırlar.
Nigar,
Sitat.info