Bayramov Yaponiyanın yeni səfirini qəbul edib - Fotolar

Bayramov Yaponiyanın yeni səfirini qəbul edib - Fotolar
SİYASƏT 02 Noyabr 2026 17:41

Xarici işlər naziri Ceyhun Bayramov Yaponiyanın ölkəmizə yeni təyin olunmuş səfiri Furuya Tokuronu qəbul edib.

Sitat.info XİN-ə istinadən xəbər verir ki, səfir etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib.

Nazir səfiri təyinatı münasibətilə təbrik edib, diplomatik fəaliyyətində uğurlar arzulayıb. Azərbaycan və Yaponiya arasında mövcud əlaqələrin inkişaf etdirilməsi baxımından səfirin fəaliyyətinin əhəmiyyəti qeyd olunub.

Tərəflər Azərbaycan-Yaponiya münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivlərini, siyasi dialoqun genişləndirilməsi, iqtisadiyyat, ticarət, enerji, nəqliyyat, yüksək texnologiyalar, idman, humanitar və təhsil sahələrində əməkdaşlığın gücləndirilməsi imkanlarını müzakirə ediblər.

İqtisadi əməkdaşlığın genişləndirilməsi çərçivəsində Yaponiya şirkətlərinin Azərbaycanda mövcud investisiya imkanlarından, o cümlədən Ələt Azad İqtisadi Zonasının təqdim etdiyi əlverişli biznes və logistika potensialından yararlanmasının əhəmiyyəti vurğulanıb.

Azərbaycanın regionlararası nəqliyyat-logistika bağlantılarının gücləndirilməsində artan rolu, ölkəmizin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafına verdiyi töhfələr diqqətə çatdırılıb.

Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri, müasir infrastrukturun qurulması, həmin ərazilərin iqtisadi potensialının reallaşdırılması və dayanıqlı inkişafı istiqamətində görülən işlər barədə məlumat verilib. Ərazilərin minalarla geniş şəkildə çirkləndirilməsinin bərpa prosesinə, mülki əhalinin təhlükəsizliyinə və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışına yaratdığı ciddi maneələr diqqətə çatdırılıb.