Rusiyanın nəzarətində olan "Zaporojye Atom Elektrik Stansiyası"nın nəqliyyat binasının Ukrayna ordusunun PUA hücumları nəticəsində zərər gördüyü bildirilib.
Sitat.info xəbər verir ki, stansiyanın sosial şəbəkə hesabında yayılan məlumata görə, Ukrayna tərəfi nəqliyyat bölməsinə azı 14 PUA ilə hücum edib.
Bildirilib ki, hücumlardan biri nəqliyyat binasının qaraj hissəsində yanğına səbəb olub, həmçinin qaraj və texniki xidmət sahəsində yerləşən tikililərə ziyan dəyib.
Açıqlamada qeyd olunub ki, dəymiş ziyanın miqyası hələ tam müəyyənləşdirilməyib. Hadisə nəticəsində ölən və ya yaralanan olmayıb. Stansiya əməkdaşlarının obyektin təhlükəsizliyini və sabit fəaliyyətini təmin etmək üçün zəruri tədbirlər gördüyü vurğulanıb.
Qeyd edək ki, Zaporojye AES Avropanın ən böyük atom elektrik stansiyasıdır. Rusiya ordusu Ukraynada müharibənin başlamasından sonra, 2022-ci ilin martında stansiyaya nəzarəti ələ keçirib.
Aytac,
Sitat.info