Avropa Komissiyası Rusiyanın tətbiq etdiyi ticarət məhdudiyyətlərindən zərər çəkən Ermənistanın özəl sektoruna dəstək məqsədilə bu ölkəyə 34 milyon avro vəsait ayırıb.
Sitat.info xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Aİ-nin Ermənistandakı nümayəndəliyinin mətbuat xidmətindən bildirilib ki, bu qərar Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ilə Ermənistan Baş naziri Nikol Paşinyan arasında baş tutan telefon danışığından cəmi iki həftə sonra qəbul edilib.
Bildirilir ki, bu, Brüsselin öz üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi deməkdir. Ayrılan vəsait İrəvana nəzərdə tutulan daha geniş yardım paketinin ilk bölümüdür.
Məlumata görə, maliyyə dəstəyi ilk növbədə Rusiyanın qadağalarından ən çox zərər çəkmiş sahələrə – aqrar-sənaye, balıqçılıq, gülçülük və digər ixracyönümlü sektorlara yönəldiləcək.
Xatırladaq ki, Rusiyanın “Rosselxoznadzor” qurumu mayın sonundan etibarən Ermənistandan gətirilən bir sıra məhsullara məhdudiyyətlər tətbiq etməyə başlayıb.