Rusiyanın Voronej şəhərində yerləşən və ölkənin hərbi sənayesi üçün strateji əhəmiyyət kəsb edən yarımkeçirici cihazlar zavodu Ukrayna Silahlı Qüvvələri tərəfindən "Storm Shadow" qanadlı raketləri ilə güclü atəşə tutulub.
Musavat.com xəbər verir ki, yerli mənbələrin və hərbi ekspertlərin yaydığı məlumata görə, hədəfə alınan bu nəhəng sənaye müəssisəsi Rusiya ordusunun ən müasir silah sistemləri üçün unikal komponentlər hazırlayır. Zavodda Rusiya Müdafiə Nazirliyinin sifarişi əsasında "İskəndər" və "Kalibr" raket komplekslərində, həmçinin yüksək dəqiqlikli radiolokasiya stansiyalarında və "S-400" zenit-raket komplekslərində (HHM) geniş istifadə olunan xüsusi tranzistorlar, diodlar, mikrosxemlər və güc modulları istehsal edilir.
Hücum nəticəsində zavodun istehsalat sexlərinə və mikrorabitə avadanlıqlarının yığıldığı əsas korpuslara ciddi ziyan dəydiyi, ərazidə güclü yanğının başladığı bildirilir. Analitiklər bu strateji obyektin sıradan çıxarılmasının Rusiya hərbi-sənaye kompleksinin yüksək texnoloji silah istehsalı potensialına ciddi zərbə vuracağını qeyd edirlər. Rəsmi qurumlar itkilər və dağıntıların miqyası barədə hələlik geniş açıqlama verməyiblər.