İran Prezidenti Məsud Pezeşkian ABŞ-la İsveçrədə keçirilən danışıqlardan sonra ilk dəfə açıqlama verərək ölkə daxilində parçalanmaya səbəb ola biləcək bəyanatlardan çəkinməyə çağırıb.
Sitat.info xəbər verir ki, ISNA-nın məlumatına görə, Pezeşkian Tehranda keçirilən tədbirdə çıxış edib.
O bildirib ki, İran nümayəndə heyəti ABŞ-la aparılan danışıqlara heç bir güzəşt vermədən qatılıb.
Ölkə daxilində ABŞ-la danışıqlar prosesinə yönələn tənqidlərə toxunan Pezeşkian vurğulayıb ki, ayrılıq və parçalanmaya yol açan hər bir mesaj düşmənin maraqlarına xidmət edir:
"Ayrışma və bölünməyə səbəb olacaq hər mesaj düşmənin dəyirmanına su tökür. Bu günə qədər ölkədə belə bir həmrəylik mühiti formalaşmamışdı", – deyə o qeyd edib.
Pezeşkian əlavə edib ki, əgər qarşı tərəf İranın hüquqlarını görməzdən gəlsə, Tehran geri addım atmayacaq. Onun sözlərinə görə, danışıqlar zamanı İranın tələbi ilə ABŞ Livan məsələsində müəyyən geri çəkilmələr edib və bəzi müsbət nəticələr əldə olunub.
Qeyd edək ki, İran və ABŞ arasında Qətər və Pakistanın vasitəçiliyi ilə İsveçrədə keçirilən danışıqların ilk mərhələsi iyunun 21-də başa çatıb. Tərəflər 14 maddədən ibarət memorandumun icrası ilə bağlı texniki məsələləri müzakirə ediblər.
Vasitəçi ölkələr olan Qatar və Pakistanın Xarici İşlər nazirliklərinin birgə bəyanatında bildirilib ki, tərəflər memorandumun icrasına nəzarət etmək üçün yüksək səviyyəli komitənin yaradılması barədə razılığa gəliblər.
Nigar,
Sitat.info