Konqo Demokratik Respublikasında (KDR) baş qaldıran son Ebola qızdırması epidemiyası sürətlə yayılma tempinə görə ölkə tarixindəki ən böyük epidemiya olub.
Sitat.info “Reuters”ə istinadla xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəladə hallara operativ reaksiya departamentinin direktoru Əbdirahman Mahmud məlumat verib.
KDR hökumətinin son məlumatlarına görə, hazırda ölkədə laboratoriya şəraitində təsdiqlənmiş 1048 yoluxma halı qeydə alınıb, epidemiyadan ölənlərin sayı isə 267 nəfərə çatıb. ÜST rəsmisi təşkilatın Afrikada Ebola ilə mübarizə üçün əlavə 115 milyon dollar maliyyə vəsaitinin ayrılması ilə bağlı çağırış etdiyini bildirib.
Xatırladaq ki, ÜST mayın 17-də KDR və Uqandada yayılan Ebola epidemiyasını səhiyyə sahəsində beynəlxalq dərəcəli fövqəladə hal elan edib. Hazırda yayılan “Bundibuqio” ştamına qarşı təsdiqlənmiş hər hansı rəsmi müalicə metodu və ya vaksin mövcud deyil. Bu səbəbdən yoluxanlar üçün təcrid, bədənin maye itkisinin bərpası və ağrıkəsicilərdən ibarət palliativ tibbi yardım həyati əhəmiyyət kəsb edir.
Məlumata görə, virus artıq KDR-in üç əyalətində və qonşu Uqandada təsdiqlənib. Bölgədəki tibb işçiləri və humanitar təşkilatların nümayəndələri tibbi maskalar başda olmaqla ilkin tələbat vasitələrinin kəskin çatışmazlığından və həkim qıtlığından şikayətlənirlər.