Güclü dövlət necə formalaşır? - Rövşən Tağıyevin şərhi…

12:29 27 İyun 2026

Son illər ərzində dünyanın müxtəlif bölgələrində yerləşən çoxsaylı ölkə və şəhərlərdə olmaq imkanım olub. Bu səfərlər mənim üçün sadəcə turistik gəzinti olmayıb. Getdiyim hər ölkədə insanların həyat tərzini, dövlət idarəetmə modelini, iqtisadi inkişaf mexanizmlərini, hüquq sistemini və cəmiyyətin davranışını müşahidə etməyə çalışmışam.

Bu müqayisələr mənə bir həqiqəti öyrətdi: güclü dövlətlər təsadüfən yaranmır.

Onlar illərlə formalaşan dövlət institutları, qanunun aliliyi, intizam, peşəkar idarəetmə, şəffaflıq və milli maraqları şəxsi maraqlardan üstün tutan idarəçilik nəticəsində qurulur.

Dünyada mükəmməl dövlət yoxdur.

Ancaq uğurlu dövlətlər var.

Onları fərqləndirən təkcə iqtisadiyyat deyil, dövlətə münasibətdir.

Ən çox diqqətimi çəkən məqamlardan biri isə budur ki, inkişaf etmiş ölkələrdə vətəndaş dövləti tənqid edə bilir, amma dövlət institutlarını zəiflətməyə çalışmır. Çünki hər kəs anlayır ki, zəif dövlət ilk növbədə vətəndaşa zərbə vurur.

Bizdə isə bəzən bunun əksi baş verir.

Bəzi məmurların məsuliyyətsizliyi, səlahiyyətdən sui-istifadəsi, vətəndaşa qarşı laqeyd münasibəti və ya qanunun hamıya eyni tətbiq edilməməsi cəmiyyətdə narazılıq yaradır. Təəssüf ki, həmin narazılıq çox vaxt konkret şəxslərə deyil, bütövlükdə dövlətə yönəlir.

Halbuki dövlət başqa anlayışdır.

Məmur isə dövlətə xidmət etmək üçün müəyyən müddətə verilmiş vəzifənin daşıyıcısıdır.

Dövlət xalqındır.

Vəzifə müvəqqətidir.

Heç bir vəzifə sahibinə dövlətin nüfuzundan üstün olmaq hüququ vermir.

Ən böyük təhlükə isə odur ki, bəzi vəzifəli şəxslər dövlətin verdiyi səlahiyyəti dövlət üçün deyil, şəxsi nüfuz və maraqları üçün istifadə etdikdə, əslində özləri də fərqində olmadan dövlətin nüfuzuna zərbə vururlar.

Tarix göstərir ki, dövlətləri xarici düşməndən əvvəl daxildə məsuliyyətsizlik, korrupsiya, ədalətsizlik və cəmiyyətlə dövlət arasında yaranan etimadsızlıq zəiflədir.

Bu gün dünyanın hansı inkişaf etmiş ölkəsinə baxsaq, görərik ki, uğurun arxasında təkcə güclü lider yox, həm də işləyən sistem dayanır.

Qanun işləyir.

Məhkəmə işləyir.

Nəzarət mexanizmi işləyir.

Məmur bilir ki, vəzifə ona üstünlük yox, məsuliyyət verir.

Məhz buna görə də insanlar dövlətə inanırlar.

Biz isə bəzən inkişaf etmiş ölkələrin elm və texnologiyasını deyil, sosial şəbəkələrdə görünən parlaq, amma mahiyyət etibarilə faydasız tərəflərini təqlid etməyə çalışırıq.

İstehsal edən cəmiyyət olmaq əvəzinə müzakirə edən cəmiyyətə çevrilmək təhlükəsi yaşayırıq.

Halbuki dövlətin gücü TikTok izləyicilərinin sayı ilə ölçülmür.

Dövlətin gücü universitetlərinin səviyyəsi ilə ölçülür.

İstehsal etdiyi məhsulla ölçülür.

Elm adamlarının sayı ilə ölçülür.

İxrac etdiyi texnologiya ilə ölçülür.

Qanunun işləməsi ilə ölçülür.

Ədalət hissi ilə ölçülür.

Azərbaycanın böyük potensialı var.

Güclü dövlətçilik ənənəsi, strateji mövqeyi, zəngin resursları və bacarıqlı insanları var.

Bu potensialdan maksimum istifadə etmək üçün ilk növbədə dövlət institutlarının daha da gücləndirilməsi, peşəkarlığın əsas meyar olması, hesabatlılığın artırılması və vətəndaş-məmur münasibətlərində qarşılıqlı etimadın möhkəmləndirilməsi vacibdir.

Mən dövlətçiliyin tərəfdarıyam.

Məhz buna görə də hesab edirəm ki, nöqsanları demək dövlətə qarşı çıxmaq deyil.

Əksinə…

Problemləri gizlətmək dövlətə xəyanətdir.

Problemləri vaxtında göstərmək isə dövlətə xidmətdir.

Çünki rəhbərlik yalnız reallığı tam və obyektiv bildiyi halda düzgün qərarlar qəbul edə bilər.

Əgər rəhbərliyə yalnız müsbət hesabatlar təqdim olunursa, real vəziyyət gizlədilirsə və ya statistik rəqəmlərlə həqiqət ört-basdır edilirsə, bundan uduzan ilk növbədə dövlət olur.

Əsl vətənpərvərlik hər ediləni alqışlamaq deyil.

Əsl vətənpərvərlik dövlətini qorumaq, qanuna hörmət etmək, nöqsanları cəsarətlə dilə gətirmək və həll yolları təklif etməkdir.

Çünki…

Dövlətçiliyi qorumağın yolu susmaq deyil. Dövlətçiliyi qorumağın yolu qanunun aliliyini təmin etmək, məsuliyyətsizliyi qəbul etməmək, vicdanlı xidməti qiymətləndirmək və hər kəsin dövlət qarşısında bərabər məsuliyyət daşıdığı bir idarəetmə mədəniyyəti formalaşdırmaqdır. Güclü dövlət yalnız güclü rəhbərlə deyil, güclü institutlar, vicdanlı məmurlar və dövlətinə inanan vətəndaşlarla qurulur.

Rövşən Tağıyev

İş adamı, "Kral Group" şirkətlər qrupunun təsisçisi



Xəbər xətti