Fransada davam edən ekstremal istilərlə əlaqədar Paris və ətrafı da daxil olmaqla 37 vilayətdə qırmızı, 48 vilayətdə isə narıncı həyəcan elan olunub. Qırmızı xəbərdarlıq edilən ərazilərdə havanın temperaturunun 42 dərəcəyədək yüksələcəyi proqnozlaşdırılır. Bundan əlavə, 34 vilayətdə güclü fırtına riski səbəbindən narıncı xəbərdarlıq qüvvədədir.
Hökumət istilərlə mübarizə üçün xəstəxanaların soyutma sistemlərinə 100 milyon avro ayırıb və tibb müəssisələrinə təxirəsalınmadan kondisioner və ventilyator alınmasını tövsiyə edib. Baş nazir Sebastyan Lekornunun göstərişi ilə xəstəxanalar üçün 30 min kondisioner sifariş olunub.
Texniki nasazlıq səbəbindən Paris–Nitsa qatarı tuneldə təxminən bir saat dayanıb. Bəzi vaqonlarda kondisionerlərin işləməməsi nəticəsində sərnişinlər arasında halı pisləşənlər olub. Qatar geri qaytarılıb, sərnişinlər isə Nitsaya 6 saat gecikmə ilə çatıblar.
Paris və ətrafındakı xəstəxanalara son 24 saat ərzində təxminən 3 min nəfər müraciət edib ki, bu da adi günlərlə müqayisədə 36 faiz çoxdur. Rüey-Malmezon şəhərində isə lisey şagirdləri isti hava səbəbindən fransız dili üzrə şifahi imtahanlarını məktəbin avtodayanacağında veriblər.
Paytaxt Parisdə qismən üzgüçülük üçün açılmış Sen-Marten kanalında isə bir nəfərin meyiti aşkarlanıb.
Nigar,
Sitat.info