Hollandiya və İsveçdə İsrailin Qəzzaya hücumlarına qarşı etiraz aksiyası keçirildi - FOTOLAR

22:26 27 İyun 2026

Niderlandın paytaxtı Amsterdamda Qəzzada İsrailin hücumları nəticəsində həlak olan fələstinli uşaqların xatirəsinə etiraz aksiyası keçirilib.

Sitat.info xəbər verir ki, BMT-nin İşğal Altındakı Fələstin Əraziləri üzrə Müstəqil Beynəlxalq Araşdırma Komissiyasının İsrailin fələstinli uşaqları qəsdən hədəf aldığına dair hesabatından sonra təşkil olunan aksiyada "Soyqırımı dayandırın", "İsrail soyqırımı törədir" və "İsrail bu uşağı öldürdü" yazılı plakatlar nümayiş etdirilib. Meydana qanlı uşaq ayaqqabıları, oyuncaqlar və kəfənə bükülmüş körpə maketi qoyularaq Qəzzada həlak olan uşaqların xatirəsi anılıb.

Aksiya zamanı Qəzzada həyatını itirən uşaqların adları oxunub, bəzi iştirakçılar göz yaşlarını saxlaya bilməyib. Fələstin Təşəbbüsünün fəalı Tülay Gökçimen bildirib ki, atəşkəs elan olunmasına baxmayaraq, Qəzzada zorakılıq davam edir və son iki ildə həlak olan uşaqların sayı 20 mini keçib. O, beynəlxalq təşkilatları hadisələrə səssiz qalmaqda ittiham edib.

Təxminən iki saat yarım davam edən aksiya insidentsiz başa çatıb.

Eyni zamanda İsveçin paytaxtı Stokholmda da yüzlərlə insan İsrailin Qəzzaya hücumlarına və humanitar yardımın məhdudlaşdırılmasına etiraz edib. Nümayişçilər atəşkəsə əməl olunmasını, hücumların dayandırılmasını və İsveç hökumətinin İsrailə silah satışını dayandırmasını tələb ediblər.

Aksiya çərçivəsində keçirilən küçə teatrı ilə Qəzzadakı humanitar vəziyyətə diqqət çəkilib. İsveçli teatr aktyoru Robin Nilsson sənətin insanların səsini çatdırmaq üçün güclü vasitə olduğunu vurğulayaraq beynəlxalq ictimaiyyəti daha qəti addımlar atmağa çağırıb.

Nigar,

Sitat.info 




Xəbər xətti