Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolu layihəsi çərçivəsində ümumilikdə işlərin 89 %-i icra olunub.
Bildirilib ki, dünyanın ən uzun tunellərindən biri olan Murovdağ tunelində asfaltlanma işləri aparılır. Uzunluğu 11,7 km olan tunel Toğanalı-Kəlbəcər-İstisu yolunun 13.5-ci km-də inşa edilir.
Uzunluğu 82 km olan Toğanalı-Kəlbəcər-İstisu yolu işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən ən mühüm layihələrindən biri sayılır.
Qeyd olunub ki, Murovdağ tuneli uzunluğuna görə dünyada 18-ci, Avropada 5-ci, MDB ölkələri arasında isə 1-cidir. Tuneldə fövqaladə hallar üçün sağ və sol hissələri birləşdirən 38 keçid tuneli də inşa edilib.
Layihə çərçivəsində Murovdağ tunelindən əlavə ümumi uzunluğu 2636 metr olan daha dörd tunel də tikilib.
Məlumata görə, bu avtomobil yolu Göygöl rayonunun Toğanalı kəndindən başlayaraq işğaldan azad edilmiş Kəlbəcərdən keçir və məşhur İstisu istirahət zonasına qədər uzanır. Yol rayon mərkəzi ilə yanaşı, bölgənin yaşayış məntəqələrinə rahat və təhlükəsiz nəqliyyat əlaqəsini təmin edəcək, kənd təsərrüfatının, turizmin inkişafına töhfəsini verəcək.