Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Ukrayna ordusu Rusiyanın Moskva vilayətində yerləşən Dubna Kosmik Rabitə Mərkəzinə uzaqmənzilli zərbə endirib.
Sitat.info xəbər verir ki, obyekt Rusiyanın Ukraynadakı işğalçı qüvvələrinin koordinasiyası və kəşfiyyat fəaliyyətində istifadə olunan xüsusi peyk rabitə mərkəzidir. Zelenski qeyd edib ki, bu obyekt Ukrayna sərhədindən 500 kilometrdən çox uzaqlıqda yerləşir.
O, son dövrlərdə Ukrayna qüvvələrinin Moskva və Vladimir vilayətlərində ümumilikdə 4 oxşar hərbi obyektə zərbələr endirdiyini bildirib. Zelenski vurğulayıb ki, məqsəd Rusiyanın işğal əməliyyatlarını davam etdirməsini mümkün qədər çətinləşdirməkdir.
Bu arada, Rusiya Müdafiə Nazirliyi gecə ərzində Moskva da daxil olmaqla müxtəlif bölgələr üzərində Ukraynaya məxsus 419 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb.
Moskva meri Sergey Sobyanin paytaxta doğru uçan 61 PUA-nın məhv edildiyini bildirib. Moskva vilayətinin qubernatoru Andrey Vorobyov isə PUA qalıqlarının fərdi evə düşməsi nəticəsində 6 aylıq körpənin həlak olduğunu, dağıntıların aradan qaldırılması işlərinin davam etdiyini açıqlayıb.
Səid,
Sitat.info