ABŞ-də süni intellekt səbəbindən işini itirənlərin sayı rekord həddə çatdı

11:08 1 İyul 2026

ABŞ-də süni intellekt səbəbindən işini itirənlərin sayı may ayına qədər 87 min 714 nəfərə çataraq rekord qırıb.

Sitat.info xəbər verir ki, məlumata görə, süni intellekt ardıcıl üç ay ölkədə iş yerlərinin azalmasının əsas səbəbi olub. Texnologiya sektorunda isə ilin ilk beş ayında işdən çıxarılanların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 66 faiz artaraq 123 min 653 nəfər təşkil edib.

Bu göstəricilər açıqlanandan beş gün sonra süni intellekt sahəsində fəaliyyət göstərən aparıcı şirkətlər işini itirən insanların yenidən hazırlanması üçün 1 milyard dollarlıq fond yaratdıqlarını elan ediblər.

"RAISE US" adlı qeyri-kommersiya təşkilatı iyunun 25-də ABŞ-ın keçmiş ticarət naziri Gina Raimondo və İndiana ştatının keçmiş qubernatoru Erik Holkombun rəhbərliyi ilə yaradılıb. Təşəbbüsü Amazon, Anthropic, MicrosoftOpenAI Fondu dəstəkləyir. Fond üçün nəzərdə tutulan 1 milyard dolların artıq 500 milyon dollardan çoxu təmin edilib.

Layihə hazırda Arkanzas, Konnektikut, Merilend və Yuta ştatlarında sınaq proqramlarına başlayıb. Proqramın uğuru təlim keçənlərin sayına görə deyil, onların iş tapması və həmin işdə qalması ilə qiymətləndiriləcək.

Digər tərəfdən, Anthropic şirkətinin açıqladığı araşdırma fərqli mənzərə ortaya qoyub. Təxminən 9 min 700 istifadəçi arasında aparılan sorğuya əsasən, iştirakçıların 35 faizindən çoxu növbəti bir il ərzində işlərinin böyük hissəsini süni intellektin yerinə yetirəcəyini düşünür. Respondentlərin təxminən yarısı isə hazırda gördükləri işin azı 50 faizini artıq süni intellektə həvalə etdiklərini bildirib.

Araşdırmada süni intellektdən daha çox istifadə edənlərin gələcəyə daha nikbin baxdığı qeyd edilsə də, ekspertlər bildirirlər ki, sorğu yalnız bu texnologiyadan istifadə edən şəxsləri əhatə edir. Bu səbəbdən də süni intellekt üzündən işini itirən və əmək bazarından kənarda qalan insanların vəziyyətini tam əks etdirmir.

Mütəxəssislər xatırladırlar ki, ABŞ-də əvvəlki illərdə həyata keçirilən işçi hazırlığı proqramları məşğulluğun və gəlirlərin artmasına ciddi təsir göstərməyib. Buna görə də yeni yaradılan fondun nə dərəcədə uğurlu olacağı pilot proqramların nəticələrindən sonra məlum olacaq.

Səid,

Sitat.info



Xəbər xətti