Selanikdən Memmingene uçan Ryanair aviaşirkətinə məxsus sərnişin təyyarəsində mühərrikin pərvanəsinin qopması nəticəsində böyük təhlükə yaşanıb.
Sitat.info xəbər verir ki, ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının (NTSB) hazırladığı ilkin hesabatda bildirilir ki, iyulun 10-da baş verən hadisə zamanı sağ mühərrikdən qopan hissələr təyyarənin salon pəncərəsini sındırıb.
Şüşənin qırılması nəticəsində yaranan təzyiq itkisi sərnişin Ljubisa Karovicin başını və sağ çiynini pəncərədən çölə çəkib.
Karovicin ağır yaralandığı və şoka düşdüyü bildirilib. Serbiya vətəndaşının həyat yoldaşı Svetlana Grkovic Maksimovic deyib ki, iki sərnişinin köməyi ilə ərini ayaqlarından tutaraq bir neçə dəqiqə təyyarənin daxilində saxlaya biliblər.
Təyyarənin ekipajı uçuş zamanı mühərrikdə güclü vibrasiya barədə xəbərdarlıq aldıqlarını və mühərrikin gücünü azaldaraq lazımi yoxlamalar apardıqlarını bildirib. Vibrasiya dayandıqdan sonra təyyarə avtopilotla uçuşa davam edib. Lakin qısa müddət sonra güclü partlayış səsi eşidilib.
Bundan sonra ekipaj fövqəladə vəziyyət elan edərək geri qayıtmaq qərarına gəlib.
Kabin heyəti oksigen maskaları açılmamışdan əvvəl tüstü qoxusu hiss etdiklərini, daha sonra isə bir sərnişinin sınmış pəncərənin yanında sıxıldığını gördüklərini və kömək çağırdıqlarını bildirib.
Təyyarə təhlükəsiz şəkildə havaya qalxdığı Selanik Beynəlxalq Hava Limanına enib.
Hesabatda qeyd olunur ki, hadisəyə səbəb olan mühərrik may ayında ultrasəs müayinəsindən keçirilib və heç bir qüsur aşkarlanmayıb.
Ryanair şirkətinin rəhbəri Michael O'Leary isə hadisənin mühərrikə kənardan hansısa cismin dəyməsi nəticəsində baş verə biləcəyini bildirib.
Hadisənin baş verdiyi təyyarənin Ryanair-in törəmə şirkəti Malta Air tərəfindən istismar edildiyi açıqlanıb.
Nigar,
Sitat.info