ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "Boeing C-17 Globemaster III" hərbi-nəqliyyat təyyarəsi Moskvanın Vnukovo hava limanına eniş edib.
Bu barədə "RBK” "Flightradar24” xidmətinin məlumatlarına istinadən yazıb.
Məlumata görə, "RCH4555" bort nömrəli təyyarə avqustun 25-də səhər saatlarında Latviyanın paytaxtı Riqadan havaya qalxaraq Moskvaya istiqamət alıb. Təyyarə təxminən saat 10:04-də Vnukovo hava limanına enib.
Təyyarənin Moskvaya uçuşundan əvvəlki marşrutu isə xüsusi diqqət çəkib. "Flightradar24” məlumatlarına əsasən, təyyarə avqustun 23-də Riqaya gəlib. Onun bundan əvvəlki uçuşunun başlanğıc nöqtəsi ABŞ-ın Merilend ştatında yerləşən Kemp-Sprinqs şəhəri göstərilib.
Kemp-Sprinqsdə ABŞ-ın Endryus aviabazası yerləşir. Bu baza ABŞ prezidentinin hava nəqliyyatı ilə, o cümlədən "Air Force One” ilə əlaqələndirilən əsas hərbi aviasiya obyektlərindən biridir.
Hazırda təyyarənin Moskvaya uçuşunun məqsədi barədə açıq mənbələrdə rəsmi məlumat yoxdur. "Flightradar24”də təyyarənin sonrakı hərəkəti də izlənmir.
Boeing C-17 Globemaster III ABŞ Hərbi Hava Qüvvələrinin ağır hərbi-nəqliyyat təyyarəsidir və əsasən şəxsi heyətin, hərbi texnikanın və müxtəlif yüklərin uzaq məsafələrə daşınması üçün istifadə olunur.
///modern.az///