İndi də Finlandiya prezidentini təhqir etdi - “Mənəvi şikəst və axmaqdır”

19:40 25 Avqust 2026

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Finlandiya Prezidenti Aleksandr Stubbun Rusiyanın dərinliklərinə endirilən zərbələrlə bağlı açıqlamalarına kəskin reaksiya verib.

Sitat.info xəbər verir ki, Medvedev bu barədə “Maks” messencerindəki hesabında paylaşım edib.

“Finlandiya prezidenti həqiqətən də səfehdir. O, “Wildberries” şirkətinə vurulan zərbələr vasitəsilə Rusiyanın məğlub edilməsindən danışır. Peşəkarlıq səviyyəsi, ümumiyyətlə, yox dərəcəsindədir. Mənəvi şikəst və axmaqdır. Əslində, o, Finlandiya XİN-ə rəhbərlik etdiyi dövrdə də elə belə idi”, – deyə D. Medvedev qeyd edib.

Xatırladaq ki, bundan əvvəl A. Stubb logistika infrastrukturlarına və anbarlara endirilən zərbələrin Rusiyanı sülh danışıqlarına məcbur edəcəyini bildirmişdi. O, həmçinin Qərb ölkələrini Ukraynaya hərbi və maliyyə dəstəyini davam etdirməyə, o cümlədən Rusiya ərazisinin dərinliklərinə raket və dron zərbələri endirmək üçün imkanlar yaratmağa çağırmışdı.

Məlumat üçün qeyd edək ki, 2008-2012-ci illərdə Rusiyaya rəhbərlik edən D. Medvedev Ukrayna müharibəsindən sonra bu səpkili sərt açıqlamaları ilə tez-tez gündəmə gəlir.



Xəbər xətti