Prezident gözlənilən FƏRMANI İMZALADI
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:
1. “Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında “bir pəncərə” prinsipinin tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 11 noyabr tarixli 12 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 11, maddə 968 (Cild I); 2024, № 7, maddə 802; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 6 avqust tarixli 755 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 3-cü hissəyə ikinci halda “sənədlərinin” sözündən sonra “, “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən emal edilməmiş almazlara dair Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin rəyinin” sözləri əlavə edilsin;
1.2. 6-cı hissəyə ikinci halda “Nazirliyi” sözündən sonra “, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi” sözləri əlavə edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 6, maddə 540 (Cild I); 2024, № 7, maddə 802; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 6 avqust tarixli 755 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”nin 4.1.5-ci yarımbəndinə ikinci halda “sənədlərini” sözündən sonra “, “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən emal edilməmiş almazlara dair Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin rəyini” sözləri əlavə edilsin.