"İşdən azad edilənlərin çoxu ibtidai sinif müəllimidir" - Nazir
Sitat.info xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Peşə Təhsili Forumu çərçivəsində keçirilən “Dəyişən iqtisadiyyat, dəyişən bacarıqlar: Gələcəyin insan kapitalının yetişdirilməsi” mövzusunda panel sessiyada çıxışı zamanı deyib.
Nazir bildirib ki, məqsəd ayrı-ayrı müəllimlərin nüfuzuna xələl gətirmək və ya onların bacarıqlarını kiçiltmək deyil: “Sadəcə, fakt budur ki, ibtidai təhsil səviyyəsində dərs deyən müəllimlərimizin böyük bir hissəsi orta ixtisas təhsillidir. Bu vəziyyət uzun müddət ölkədə müəllim çatışmazlığının olması ilə əlaqədar formalaşıb. Lakin artıq biz tamamilə ali təhsilə keçmişik. Yəni həm ibtidai, həm də məktəbəqədər təhsil səviyyəsində tədrisin ali təhsilli müəllimlər tərəfindən aparılması nəzərdə tutulur. İnanırıq ki, uzunmüddətli perspektivdə bunun müsbət təsirini görəcəyik”.