Şirkət maşınının sənədlərini saxtalaşdırdı, anasının adına keçirdi–Beynəlxalq axtarışa verildi
“Fitstar Herbal Products” MMC-nin direktoru Firdovsi Bəhram oğlu Vəliyev şirkətə məxsus əmlakın ələ keçirilməsi və cinayətkarın 5 ildir ki, istintaqdan yayınmasından şikayətçidir.
Sitat.info xəbər verir ki, məsələ ilə bağlı Musavat.com-a təqdim olunan sənədlər və səs yazıları dələduzluq, saxtakarlıq və səlahiyyət həddini aşma halları ilə zəngin olan böyük bir cinayət sxemini üzə çıxarır.Hadisənin gedişatı onu göstərir ki, Firdovsi Vəliyevin etibarından sui-istifadə edərək pulunu və əmlakını ələ keçirən şəxs Xəyyam Nəriman oğlu Rəhimovdur. Şirkətə məxsus "Mercedes-Benz Vito" markalı (ilkin dövlət qeydiyyat nişanı 77-AE-649) avtomobil sahibinin heç bir razılığı və müvafiq səlahiyyət sənədləri olmadan başqa şəxsin adına rəsmiləşdirilib. Araşdırmalar zamanı məlum olub ki, avtomobil sonradan 20-EU-594 dövlət qeydiyyat nişanı ilə Qərb bölgəsi üzrə DİN-in qeydiyyat-imtahan şöbəsində Xəyyam Rəhimovun anası Pərvanə Rəhimovanın adına rəsmiləşdirilib, ardınca isə hissələrə bölünərək satılıb. Maşının ban identifikasiya nömrəsinə müdaxilə edildiyi məlumdur. Məsələnin diqqət çəkən digər tərəfi isə Xəyyam Rəhimovun qardaşı Xəyal Rəhimovun Goranboy rayonunda inspektor vəzifəsində işləməsidir. Zərərçəkmiş tərəf bu qohumluq əlaqələrinin saxtalaşdırma əməliyyatlarında necə rol aldığının hərtərəfli araşdırılmasını tələb edir.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin məlumatına əsasən, Xəyyam Rəhimov barəsində Xətai Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb və onun barəsində axtarış elan edilib. Məlum olub ki, Xəyyam Rəhimov 11.09.2025-ci il tarixdə "Bakı-Tbilisi" reysi ilə Gürcüstana, 21.10.2026-cı il tarixdə isə Rusiya Federasiyasına getməyə nail olub. 01.06.2026-cı il tarixdə onun barəsində dövlətlərarası və beynəlxalq axtarış elan olunub və Rusiyada tutularaq istintaqa təqdim edilməsi istiqamətində tədbirlər görülür. Zərərçəkmiş şəxs Azərbaycan Respublikasının Baş Prokuroruna, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə, DTX-ya və Prezident Administrasiyasına rəsmi şikayət ərizəsi təqdim edib. Şikayətçi avtomobilin saxta sənədlərlə qeydiyyata alınmasına şərait yaradan şəxslərin hərəkətlərinə hüquqi qiymət verilməsini, ban nömrəsinin dəyişdirilməsi və maşının hissələrə bölünərək satılması halları üzrə texniki ekspertizalar aparılmasını istəyir.


