Tanınmış ginekoloq Xalidə Kəngərlinin ölümündən 3 gün keçir. İctimaiyyətdə qadının əzablı və dəhşətli ölümünün müzakirəsi bitmək bilmir. Xüsusilə ananın azyaşlı övladlarının gözü qarşısında faciəli ölümü, bu azmış kimi ataları ilə birgə cəsədə şahid olmaları təsəvvür edilməyəcək qədər ağır mənzərədir desək yanılmarıq.
SİTAT.İNFO xəbər verir ki, hadisənin dözülməzliyindən ciddi travma almış azyaşlıların sonrakı aqibəti ilə bağlı məsələ aktuallaşıb.
Məsələ ilə bağlı "bizim.media"-ya danışan Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə bildirib ki, hadisə baş verən kimi olay yerinə dərhal aidiyyəti icra hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın əməkdaşları yaxınlaşmalı idi:
“Komissiyanın tərkibindəki psixoloq o uşaqların durumunu qiymətləndirməli, dərhal o ərazidən uzaqlaşdırmalı idi. Uşaqlar üçün bir qədər sakit mühit yaradılmalı idi. Uşaq şahidlik də edəcək, istintaqa da gedəcək. Travmalar üst-üstə o qədər yığılacaq ki, hətta atanın bu işlərdə günahı olmamış olsa belə, o uşaqların psixologiyasında “atam bais oldu” deyə bir fikir formalaşacaq.
İstintaqın işinə müdaxlə etmək kimi bir fikrim yoxdur. Amma mənə göstərin ki, bu illər ərzində anaları qətl edilmiş, gözlərinin qarşısında intihar və ya fiziki zorakılıq görmüş, ümumiyyətlə valideynlərinin faciəli ölmünü eşidən uşaqlarla hansı qurum işləyib? Heç kim işləməyib. Həmişə deyirik ki, zorakılıq qurbanı olmaq təkcə şillə, təpik, təcavüz görmək deyil. Psixoloji zorakılığın və travmanın özü çox dəhşətli bir haldır”.
Kəmalə ağazadənin fikrincə, araşdırma və istintaq prosesi bitənə qədər o uşaqların kimdə qalması rəsmi qaydada müəyyən olunmalıdır:
“Bilirəm ki, indi o uşaqlar yasın içindədir. Onlarla heç kim iş aparmır. Halbuki onlar mütəxəssislərə cəlb olunmalıdır. Bəlkə o uşaqların daxilində post travmatik sindromdan sonra ciddi bir fəsad yaranıb? İmmunitetləri aşağı düşüb? Bunları kim nəzərə alacaq? Ailə bunu edəcəkmi?
Ailə hazırda yasını, ehsanını necə verməyi, istintaqın düzgün aparılıb-aparılmaması marağındadır. Uşaq maraqlı deyil. Biz niyə gecikməliyik? Bu məsələnin köklü şəkildə mexanizmi formalaşmalıdır. Gözləyə-gözləyə aqressiv, sındırılmış, iradəsiz, çox zəif duruma düşən və ya cinayət törədə biləcək nəsil yetişdiririk”.