Xəbər verdiyimiz kimi, Avstriya hökuməti 6 ildir bu ölkədən siyasi sığınacaq almağa çalışan Qasımovlar ailəsini Azərbaycana deportasiya etmək qərarına gəlib.
Siyafər və Şəmsiyyə Qasımovlar 2016-cı ildə iki övladı ilə birlikdə Azərbaycanı tərk ediblər. Avstriyaya gələn Siyafər Qasımov müxalif Azərbaycan Demokrat Partiyasının (lideri Sərdar Cəlaloğlu - red.) fəalı olduğunu bəyan ediblər, həbs təhlükəsindən qaçdıqlarını bildiriblər. Lakin bu yaxınlarda Avstriya Federal İnzibati Məhkəməsi üçüncü və sonuncu dəfə Qasımovların siyasi sığınacaq tələbini rədd edərək, onların Azərbaycana deportasiyasına qərar verib. Səbəb kimi isə, guya bu göstərilib ki, Azərbaycan Demokrat Partiyası əsl müxalifət partiyası deyil, hakimiyyətə işləyir və onun üzvləri repressiyalardan qorxmamalıdır. Nə həyat yoldaşları, nə də onların uşaqları təhlükə altında deyil”. Bu sözləri "Kurier” nəşri yazır və Federal İnzibati Məhkəmənin qərarından sitat gətirir.
Məsələ ilə bağlı SİTAT.İNFO-nun əməkdaşı ADP sədri Sərdar Cəlaloğludan münasibət öyrənməyə çalışıb.
Müxalifət lideri, Avstriya hökumətinin qərarında yer alan "hakimiyyətə işləyir" ifadəsinə belə cavab verib: "Bununla bağlı mən mətbuata açıqlama vermişdim. O adamların heç biri Azərbaycan Demokrat Partiyasının üzvü deyillər. Onların nə işlə məşğul olması haqqında bizim də heç bir məlumatımız yoxdur.
Bizim partiya haqqındakı iddialara gəlincə, xarici ölkələr, mühacirlərlə bağlı məsələlərdə qeyri-dövlət təşkilatlarına müraciət edirlər. Görünür, bizə düşmən mövqedə duran siyasi qüvvələrin təsirində olan qeyri-dövlət təşkilatlarına müraciət ediblər. Onlar da özlərinin vicdansız münasibətlərini belə ifadə ediblər. Necə ki, daxildə bəziləri bizi müxalifət hesab eləmir. Müəyyən məsələlərdə dövlətçi mövqedə durmağımızı qəbul edə bilmirlər. Onların uzantısı olan qeyri-dövlət təşkilatları da eyni qaydada bizimlə bağlı belə yanlış məlumat yayırlar".
S.Cəlaloğlu vurğulayıb ki, bu ifadənin Avstriya hökuməti tərəfindən işlədilməsi inandırıcı deyil: "Əvvəla, o iki adamın bizim partiya ilə heç bir əlaqəsi yoxdur. Şəmsiyyə Qasımova tanınmış bir jurnalist idi, heç zaman bizim partiyanın üzvü olmayıb. Onun əri Səfiyarı da biz tanımırıq. Avstriyalılar heç vaxt “hakimiyyətə işləyir” sözünü işlətməz. Bu ifadə azərbaycanlıların sözüdür. Bunu da bizə rəqib olan və çox təəssüf ki, müxalifətdə olan siyasi partiyaların təsirində olan qeyri-dövlət təşkilatları edib. Bu məlumatı onlar veriblər. Onlara ayıb olsun, bizim ən azından minlərlə siyasi məhbusumuz olub. Biz Azərbaycanda ən qabaqda gedən müxalif partiyalardan biriyik. Bu gün dünyada gedən prosesləri, eləcə də Qarabağdakı prosesləri nəzərə alıb əvvəlki illərdən fərqli bir mövqe tuturuqsa, o demək deyil ki, biz hökumətin partiyasıyıq".
Partiya sədri vurğuladı ki, bizim dövlətin yanında durmağımız başqa şeydir, hökuməti müdafiə etmək tamam başqa şeydir: "O adamlara ayıb olsun ki, özləri Azərbaycandan müxtəlif bəhanələrlə qaçıblar, xaricdə Azərbaycanın partiyaları haqqında rəy yazırlar. Bildiyiniz kimi, Avstriyanın Azərbaycanda səfirliyi yoxdur. Avstriyalılar o mədəniyyətin sahibi deyil ki, bu sözü işlətsinlər. Onlar haradan bilirlər ki, Azərbaycanda hansı partiya nə işlə məşğuldur. Bu Azərbaycandan bizim rəqiblərimizin verdiyi məlumatdır və bizə qarşı təxribatdır. Bu qurşaqdan aşağı zərbədir. Xalq gözəl bilir ki, müxalifət kimdir, iqtidar kimdir, iqtidara işləyən kimdir. Avstriyanın bu cür məlumat verməsi bizim işgüzar nüfuzumuza, xalq arasında nüfuzumuza böyük zərbə vurur. Ona görə də, həftənin birinci günü bu məsələni müzakirə edəcəyik, bu fikri ifadə edənlərə qarşı məhkəmə işi qaldırmağı fikirləşirik".
SİTAT.İNFO