"Bunların hamısı qumardır" - Deputatlar “Poz-qazan” və “Topaz”a ETİRAZ ETDİ (VİDEO)

11:30 22 İyul 2022

Son zamanlar ölkədə “Poz-qazan” lotereya oyunu xeyli məşhurlaşıb. Şəhərin mərkəzi küçələrində, avtobus dayanacaqlarında, metro çıxışlarında satılan 1 manatlıq lotereyalara xüsusən kasıb təbəqədən olan vətəndaşların üz tutduğunun şahidi oluruq. Qalib gəlmək arzusu ilə günə 20 manat , hətta daha çox itirən insanlar olur. Əhalinin, daha çox intellektual baxımdan çox da zəngin olmayan kütlənin bu formada soyulmasının qarşısını hökümət almalıdırmı, yoxsa bu da biznesin, azad sahibkarlığın bir hissəsidir?  Bu məsələyə necə yanaşma olmalıdır?

Mövzu ilə bağlı Sitat.info-ya açıqlama verən deputat Fazil Mustafa bildirdi ki, “Poz-qazan”, “Topaz” və başqa variantlarda qumarların qarşısını almaq mümkün deyil: "Çünki, bu da bir sahədir və müəyyən dərəcədə biznes kimi fəaliyyət göstərir. Amma Azərbaycanda "ağlı başında olan" insan problemi var. Ağlı başında olan insan niyə qumara getməlidir?  Bu qadağan da edilsə, həmin  insan əyləncəyə də, pul verib diplom almağa da eyni cür baxır. Əslində bunların hamısı qumardır. İnsanlar asan yolla nəsə əldə etməyi düşündüyü  üçün qumara meyl edirlər”.

F.Mustafa qeyd etdi ki, hər bir təbəqənin özünə görə natamamlığı var: "Varlılar da toyuna 5, 10, 15 minə  küçə müğənnisini çağırıb pulu ona yedizdirirlər. ”Poz-qazan” da ən kasıb təbəqə üçün problem yaradır. Amma o demək deyil ki,  bir az varlı təbəqə onlardan daha ağıllıdır və rasional davranır. Cəmiyyətdə insanın öz zəhməti, çalışması ilə nələrəsə nail olması ideyasını yerləşdirə bilməmişik. Hər kəs fikirləşir ki, kimsə pul qazanıbsa, bu hansısa təsadüf nəticəsində baş verib. Bunlar hamısı birlikdə böyük problemlər yaradır. Ona görə də, qumarı ləğv etmək olmaz, ancaq təbliğat aparıb  insanları çəkindirmək mümkündür”.

 

Deputat Ceyhun Bayramov da Sitat.info-ya açıqlamasında vurğuladı ki, bu kimi məsələlərdə maksimum diqqətli olmağa ehtiyac var: "Bir sıra hallarda vətəndaşlarımız əlavə vəsait qazanmaq üçün  belə yollara əl atırlar. Vəsait qazana bilmədikdə də dövlətdən küsür, inciyir, narazı qalırlar. Biz daha çox çalışmalıyıq ki, vətəndaşlarımızın doğru, dürüst halal yolla vəsait əldə etmələrinə şərait yaradaq. İnsanların çalışaraq  vəsait əldə etməyə, güzəranlarını təmin etməyə nail olmaqları üçün yeni iş yerləri yaradılmalıdır. Belə məsələlərin kütləvi şəkildə yayılması düzgün deyil. Və bununla bağlı ciddi maarifləndirmə, həm də inzibati  tədbirlər görülməlidir”.

Qeyd edək ki, şirkətdən deputatların səsləndirdiyi fikirlərə cavab verilib. Həmin cavabı da olduğu kimi təqdim edirik. 

"Azərbaycanda şans oyunlarının rəsmi təşkilatçısı olan “Azərlotereya” ASC-nin fəaliyyəti qanunvericiliyə uyğun, beynəlxalq standartlara əsasən həyata keçirilir. “Azərlotereya” ASC şans oyunları üzrə dünyanın aparıcı təşkilatları sayılan Dünya Lotereya Assosiasiyası (World Lottery Association), eləcə də Avropa Lotereyalar və Toto Assosiasiyasının da (The European State Lotteries and Toto Association) üzvüdür. Lotereyaların təşkilində ən son texnoloji yenilikləri həyata keçirən, oyun proqramlaşdırılması, məhsulun idarə edilməsində şəffaflığın qorunması və təhlükəsizlik kimi məsələlərə ciddi yanaşan “Azərlotereya” ASC-nin fəaliyyəti həmin nüfuzlu təşkilatların meyarlarına cavab verdiyi üçün üzvlüyə layiq görülüb.

Təsadüfü deyil ki, şirkətin ani lotereya biletlərinin hazırlanmasında qabaqcıl texnologiyaya əsaslanan, həmin assosiasiyaların strateji partnyoru olan "Scientific Games" şirkəti birbaşa iştirak edir. Bundan əlavə, tirajlı lotereya oyunlarının keçirilməsində də Dünya Lotereya Assosiasiyasının üzvü olan Fransanın “Akanis Technologies” şirkətindən alınmış müasir avadanlıqlardan istifadə edilir. Şans oyunlarının təşkilində beynəlxalq təcrübəni tətbiq edən “Azərlotereya” ASC fəaliyyət sferasında sosial məsuliyyətlərinin fərqindədir. Şirkətimiz hər zaman şans oyun iştirakçılarını dünya standartları əsasında hazırlanmış “Məsuliyyətlə oyna!” konsepsiyası ilə tanış olmağa dəvət edir.

Məsuliyyətli oyun standartlarının önəmini xatırladaraq şans oyunlarında əsas məqsədin pul qazanmaq deyil, əylənmək olduğunu vurğulayırıq. “Azərlotereya” ASC “Məsuliyyətlə oyna!” konsepsiyası çərçivəsində daha çox qazanmaq üçün daha çox oynamamağı tövsiyə edir. Oyun zamanı büdcəyə və vaxta nəzarət etmək məsləhət görülür.

Çox vacib prinsiplərdən biri də şans oyunlarının iştirakçılarının mütləq yetkinlik yaşına çatmış şəxslər olmasıdır. Belə ki, qanuna görə şans oyunlarında yalnız 18 yaşı tamam olmuş şəxslər iştirak edə bilərlər. Qanuni şans oyunlarının qumarla müqayisəsinə gəlincə, qumar oyunu anlayışı Cinayət Məcəlləsinin 244.1-ci maddəsində əksini tapıb. “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada keçirilən lotereyalar və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada keçirilən keçirilən idman mərc oyunları qumar sayılmır.

Qeyd edək ki,   "Azərlotereya" ASC Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2001-ci il tarixli, 599 saylı fərmanına əsasən, Azərbaycan Respublikasında lotereya fəaliyyətini təkmilləşdirmək, vətəndaşların hüquqları və qanunu mənafelərinin qorunmasını ardıcıl təmin etmək, lotereyanın keçirilməsindən dövlət büdcəsinə daxil olmaların artırılmasına və lotereya fəaliyyəti sahəsində dövlət nəzarətini daha da gücləndimək məqsədi ilə yaradılıb. Lotereyaların təşkili və keçirilməsi sahəsində münasibətlərin dövlət tənzimlənməsi İqtisadiyyat Nazirliyi tərəfindən “Lotereyalar haqqında” Qanunun 3-cü maddəsinə uyğun aparılır.

Həmin maddədə sadalanan nəzarət formalarına lotereyaların qeydiyyatının aparılması, uduşların iştirakçılara ödənilməsinə nəzarət və digər formalar aiddir.

Nigar Abuzər

Sitat.info

 



Xəbər xətti