Güzəştli kreditlər şəffaf olmalıdır, onlara bank sirri məsələsi tətbiq edilməməlidir" - İqtisadçı

17:07 14 Noyabr 2022

"Sahibkarlığı inkişaf etdirməyin yolu kreditləşmədir. Dövlət bir sıra qurumlar vasitəsilə sahibkarlara güzəştli kreditlər verir.  Sahibkarlığın İnkişafı Fondu, Kənd Təsərrüfatı Nazirliyi xətti ilə yalnız kənd təsərrüfatı sahəsinə güzəştlər verirlər. Bunun kimi bir çox layihələr var. Lakin bu kreditlərin bəzilərinə verilib, bəzilərinə verilməməsi halları da var. Bunun açıqlaması da verilmir. Bu da təbii olaraq belə fikirlər yaradır ki, orada korrupsiya və s. kimi hallar var. Sahibkarlar da belə vəziyyətdən hər zaman narazılıqlarını bildirirlər". 

Bu sözləri Sitat.info-ya açıqlamasında hüquqşünas, iqtisadçı ekspert Əkrəm Həsənov bildirib. 

Onun sözlərinə görə bu kimi fikirlərin olmaması üçün yeganə yol şəffaflıqdır. 

"Bu və ya bənzər qurumlar, kimlər müraciət edib, hansı şərtlər qoyulub və s. haqqında rəsmi internet saytlarında hesabatlarını dərc etməlidirlər. Bu fikri səsləndirəndə bəzən bank sirri məsələsini qaldırıb bunun mümkün olmadığını deyirlər. Xeyr. Buna görə qanunlarda da dəyişikliklər etmək lazımdır. Bank sirri yalnız kommersiya şərtləri ilə kredit alındıqda  olmalıdır. Dövlət hesabına güzəştli kredit aldıqda "bank sirri" prinsipi tətbiq olunmalı deyil.  Təəssüf ki, Milli Məclisdə bununla bağlı heç bir tədbir görülmür".  

Ə.Həsənov vurğuladı ki, bu kreditlər banklara uçot dərəcəsi ilə Mərkəzi Bank tərəfindən verilir: "Bu kreditlər sadəcə banklara yox, bank olmayan kredit təşkilatlarına da verilməlidir. Reallıqda isə Mərkəzi Bankda da vəziyyət eynidir - istədiyinə kredit verir, istədiyinə yox.  Biz bilirik ki, bu heç vaxt gizli olmayıb. Mərkəzi Bank Elman Rüstəmovun sədrliyi vaxtında bu kreditləri hansısa banka vermir, sadəcə sahibkara verirdi".

Əkrəm Həsənovun sözlərinə görə, Mərkəzi Bank da zamanında doğru olmayan addımlar atıb: "Bu ilin may ayında Konstitusiya məhkəməsinə müraciət olunmuşdu. Ləğv prosesində olan bankların əksəriyyətində belə bir vəziyyət yaranıb ki, onlardan sahibkar əmlakını girov qoyub kredit götürüb və həmin bank da sahibkarın əmlakını Mərkəzi Bankda girov qoyaraq oradan kredit götürüb.  Konstitusiya məhkəməsi formal olaraq belə bir qərar qəbul etdi ki, Mərkəzi Bank girov götürə bilməz. Faktiki olaraq hər kəs başa düşdü ki, Konstitusiya Məhkəməsi niyə belə etdi. Bu ona görə idi ki, Mərkəzi Bank bu kreditləri vaxtlı ilə qanunsuz şəkildə həyata keçirmişdi".

İqtisadçı əlavə etdi ki, ölkəyə xeyirli miqdarda vəsait daxil olur və bundan real sektoru inkişaf etdirmək məqsədilə istifadə etmək lazımdır: " Sahibkarlığı inkişaf etdirməyin yolu kreditləşmədir. Bütün bunları etməkdə dövlətin əlində kifayət qədər imkan var. Lakin heç kəs bu kreditlərin şəffaf verilməsində maraqlı deyil".

Seymur, 

SİTAT.İNFO



Xəbər xətti