İqtisadçıdan Mikayıl Cabbarova ETİRAZ: "Əhalinin gəlirlərinin artım tempi inflyasiyanı necə üstələyə bilər ki..."

17:16 16 Noyabr 2022

Parlamentdə iqtisadiyyat naziri çıxışında bildirib ki, Azərbaycanda ən son statistikaya görə əhalinin gəlirlərinin artım tempi inflyasiyanın tempini üstələyir. Bu arqumentlə razılaşamamaq üçün 3 əksarqument var. Onlardan biri budur ki, Azərbayacanda inflyasiyanın hesablanması üçün səbətin tərkibi ev təsərrüfatlarının ən son büdcə müayinəsinin nəticələri əsas götürülür. Bu müayinəyə görə, ötən ilin sonuna qida məhsullarının (alkoqollu içkilər+tütün də daxil) əhali istehlakında payı 45% ətrafında olub. Halbuki Mərkəzi Bankın statisitkası real statistikanın daha yüksək olduğunu - 56%-ə yaxın olduğunu göstərir. Nəzərə alanda ki, hazırkı reallıqda ərzaq inflyasiyası xidmət və qeyri-qida inflyasiyasından az qala 3 dəfə yüksəkdir, deməli inflyasiya səbətində ərzağın payının az qala 4-də bir həcmdə azaldılaraq istehlak qiymətləri indeksinin hesablanması inflyasiyanın səviyyəsini əhəmiyyətli dərəcədə təhrif edir".

Bu sözləri Sitat.info-ya açıqlamasında iqtisadçı ekspert Rövşən Ağayev deyib. 
Onun sözlərinə görə,  inflyasiyanın hesablanmasında ərzağın payı Mərkəzi Bankın rəqəminə uyğun götürülsə idi, hazırda orta illik inflyasiya səviyyəsi 13,5% yox, ən azı 16% olacaqdı: "
 Hələ onu demirəm ki, bizdə inflyasiyanı süni şəkildə azaldan başqa bir amil səbətin tərkibinin bir çox ölkələrlə müqayisədə daha geniş götürülməsidir (bizdə təxminən 513 adda mal və xidmət. Müqayisə üçün Türkiyədə 400-dən bir qədər artıq)".

İqtisadçının sözlərinə görə, ikinci əsas faktor odur ki, Azərbaycanda əhalinin istehlakında ərzaq az qala 60%-ə çatdığı üçün əhalinin real gəlirlərinin hesablanması baxımından istehlak qiymətləri indeksinə yox, ərzaq inflyasiyasına baxmaq lazımdır: " Hətta rəsmi məlumata görə, 2022-ci ilin sentyabrın sonuna orta illik inflyasiya 13% olduğu halda, ərzaq inflyasiyası 20%-ə yaxın olub. Ərzaq inflyasiyasının bu səviyyəsi isə orta maaşın artım tempini 6% üstələyib. Üçüncü məqam budur ki, bizdə orta illik deyil, illik inflyasiya səviyyəsinə baxmaq lazımdır: "Ən son məlumata görə, illik inflyasiya səviyyəsi orta göstəricidən çoxdur və nominal orta maaşın artımını 2%-ə yaxın üstələyir. Sırf bu göstəricidən çıxış etsək, real əmək haqqının ən azı 2% azaldığı, qidanın xüsusi çəkisinin Mərkəzi Bankın statistikasına uyğun götürdükdə isə ən azı 5% azaldığı aydın görünür".

Nərgiz,

SİTAT.İNFO



Xəbər xətti