Naxçıvan Muxtar Respublikasının statusu ilə bağlı məsələ kifayət qədər mürəkkəb bir məsələdir. Naxçıvanın Azərbaycanın əsas ərazisindən ayrı düşməsi- anklavda olması ona belə bir statusun verilməsi zərurətini yaradıb.
Mahiyyət etibarilə, Azərbaycan unitar respublikadır və unitar dövlətlərin tərkibində muxtar subyektlərin olmasına nadir hallarda olsa da rast gəlinir. Bəzən unitar dövlət anlayışına mahiyyət üzrə yanaşılmadığı üçün, Naxçıvan Muxtar Respublikasının statusu ilə bağlı bir çox mülahizələrin ortaya çıxmasına zəmin yaranır".
Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Elçin Mirzəbəyli bildirib.
Onun fikrincə, müasir dövrdə unitar dövlət quruluşu, dövlətin ərazi bölgüsü formasından daha çox vahid siyasi hakimiyyət anlayışı ilə ifadə olunur: "Yəni unitar dövlətdə inzibati ərazi subyektləri müstəqil siyasət yürütmək hüququna malik olmurlar. Unitar dövlətlərin də bir neçə formasi var. Bunlardan əsasları sadə və mürəkkəb unitar dövlət dövlət quruluşlarıdır. Məsələn, Çin və Özbəkistan unitar dövlət sayılsalar da, tərkiblərində bir və ya bir neçə muxtar subyektlər var. Həmçinin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı bir neçə subyektdən ubarət olsa da, vahid siyasi hakimiyyət modelinə malik olduğu üçün unitar dövlət sayılır. Bu baxımdan, Naxçıvan Muxtar Respublikasının muxtar statusundan daha çox, onun Azərbaycanın unitar dövlət – vahid siyasi hakimiyyət anlayışıyla uzlaşmayan dövlət idarəçilik sistemi ilə bağlı müzakirələrin aparılmasını daha çox məqsədəuyğun hesab edirəm. Ola bilsin ki, ölkə konstitusiyasının 134-cü maddəsinin I bəndinin quruluşuna yenidən nəzər salmağa ehtiyac var. Məsələn, sözügedən maddədə “muxtar dövlət” sözünü “muxtar inzibati-ərazi subyekti”, «muxtar vilayət”, yaxud “muxtar respublika” kimi də qeyd etmək olar.
Naxçıvan Muxtar Respublikasının konstitusiyasının muxtar subyektin statusu ilə bağlı maddəsində qeyd olunur ki, “Naxçıvan Muxtar dövləti Azərbaycan Respublikası tərkibində demokratik, hüquqi, dünyəvi muxtar respublikadır” və “Naxçıvan Muxtar Respublikasının statusunu Azərbaycan Respublikasının Konstitusiyası, 16 mart 1921-ci il tarixli Moskva və 13 oktyabr 1921-ci il tarixli Qars beynəlxalq müqavilələri müəyyən edir”. Göründüyü kimi, Naxçıvanın konstitusiyasında Moskva və Qars beynəlxalq müqavilələrinə də istinad olunur. Bu isə statusun hüquq əsaslarının həm də beynəlxalq müqavilələrlə müəyyənləşdirilməsi reallığını yaradır".
Politoloq hesab edir ki, bu status həm də beynəlxalq müqavilələrdə əksini tapıb: "Türkiyə ilə Rusiya arasında bağlanmış Moskva müqaviləsinin III maddəsində qeyd olunur ki, “Müqaviləni imzalayan tərəflər Naxçıvan vilayətinin əlavədə göstərilmiş sərhədlər çərçivəsində Azərbaycanın himayəsi altında qalmasına razıdırlar, bir şərtlə ki, Azərbaycan öz himayəçiliyini heç bir üçüncü dövlətə güzəştə getməsin”.
Eyni yanaşma Qars müqaviləsində də vurğulandığı üçün, təkrarlamağa ehtiyac görmürəm. Digər tərəfdən, bir mühüm məqamı da diqqətə çatdırmaq istəyirəm: Sözügedən müqaviələrinin 100 il müddətinə bağlanıldığı və müddətlərinin başa çatdığı barədə deyilənlərin heç bir əsası yoxdur. Nə Moskva, nə də Qars müqaviləsində sozügedən razılaşmaların nə zamansa qüvvədən düşəcəyi barədə heç nə yer almayıb.
Bu baxımdan, Naxçıvanın muxtariyyəti ilə bağlı məsələnin müzakirəyə çıxarılması barədə mülahizələrin həyata keçməsini hazırda mümkünsüz hesab edirəm və buna ümumiyyətlə ehtiyac duyulmadığı qənaətindəyəm. Amma bununla yanaşı, Azərbaycanın unitar dövlət olduğunu və vahid idarəçilik sisteminin ölkənin bütün ərazi subyektlərində eyni olmasını zəruri sayıram".
Nərgiz,
SİTAT.İNFO