Partiya sədri iqtisadi inkişafın iki əsas yolunu göstərdi: Yoxsulluq da, işsizlik də həllini tapar...

08:31 22 Noyabr 2022

Azərbaycan urbanizasiyanın, camaatın şəhərlərə yığılmasının qarşısını almaq, onları işlə təmin etmək istəyirsə, ilk növbədə aqrar sektorun inkşafı ilə bağlı dövlət proqramı həyata keçirməlidir. Bu sahədə vəziyyət olduqca ağırdır".

Bu sözləri Sitat.info-ya açıqlamasında Azərbaycanda real sektorun inkişafı imkanlarını dəyərləndirən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bildirib.

Onun  sözlərinə görə,. hökumət aqrar sektorda bir sıra addımlar addımlar atmalıdır: "Onu da nəzərə almaq lazımdır ki, ilbəil quraqlıq artır və kürəsəl istiləşmə gedir, bu da kənd təsərrüfatının məhsuldarlığını aşağı salır. Dövlət bu barədə ciddi düşünməlidir, əlavə su ehtiyatları yaradılmalıdır. Dövlət özü tədarükçü rolunda çıxış etməlidir, kəndlərin əkib-becərdiyi məhsulun alıcısı kimi çıxış etməlidir. Bu gün aqrar sektorda işləyən adamların istehsal etdiyi məhsulun 90 faizi əllərində qalır. Ona  görə növbəti ildə istehsalla məşğul olmurlar".

Partiya sədrinin sözlərinə görə, daxili bazarın qorunmasına da fikir  verilməlidir: "Hansı məhsul ki, Azərbaycanda istehsal olunur, həmin məhsulların xaricdən gəlişinə qadağa qoyulmalıdır.  Aqrar sektorda  istehsal edilən məhsulların xaricdən gətirilməsinin qarşısı alınmalıdır. Çünki, xaricdə aqrar sektor qeyri-adi dərəcədə yüksək texnologiya üzərinə qurulub , Azərbaycanda isə əksinə həmin sektor daha çox zəhmət tələb edir. Ona görə də qiymətlər fərqli olur. Bu rəqabətdə də Azərbaycan kəndlisi məğlub olur.Həm şəhərləşmənin qarşısını almaq, həm də əhalinin həyat səviyyəsini yüksəltmək üçün birinci növbədə qarşıda duran vəzifə Azərbaycanda aqrar sektorun inkişaf etməsidir".

S.Cəlaloğlu vurğuladı ki, bizim kimi kiçik dövlətlər üçün xarakterik olan kiçik və orta  biznes inkişaf etdirilməlidir: "Xüsusən də dünya bazarına ən çox tələbat olan məhsulları çıxartmalıyıq. Neft və qazın xammal şəklində satılması olduqca yanlış siyasətdir. Bizim hökumət nefti satıb kağız pulu əldə edir. Amma neftin son məhsullarını satsaq hər ton xammal neftdən 100 dəfə çox gəlir əldə edə bilərik. Eyni zamanda neft sənayesini inkişaf etdirmiş olarıq. Neft sənayesi üzərində kimya sənayesi inkişaf edər. Bu gün dünyada ən çox ehtiyac olan sahələr bunlardır. Bu istiqamətlərdə çox ciddi işlər aparılmalıdır. Ən əsası 50 nəfər kimi işçisi olan müəssisələrin sayını artırmaq lazımdır. Çünki, dünyada işsizliyi aradan qaldırmaq üçün yeganə üsul budur. Nəhəng müəssisələr işsizliyi aradan qaldırmır, əksinə işsizliyə xidmət edir. Kiçik və orta  biznesin inkişafı dövlət siyasətində bir nömrəli rol oynamalıdır".

Müxalifət lideri hesab edir ki, paralel olaraq  korrupsiya və proteksiya, o cümlədən də monopoliya aradan qaldırılmalıdır. "Azad rəqabətə şərait yaradılmalıdır. Azərbaycanda məhz azad rəqabətin olmaması, digər tərəfdən yeni iş yerlərinin açılmaması , köhnə iş yerlərinin bağlanması, monopolistlərin daha çox və asan pul qazanmaq üçün hər cür əlamətlərə əl atması problem yaradır . Burada həm hüquqi baza, həm iqtisadi baza, həm də dövlətin özünün uzağa gedən proqramı olmalıdır. Mənə elə gəlir ki, neft kimya sənayesi və kənd təsərrüfatı inkişaf etsə Azərbaycan qısa müddətdə həm yoxsulluğun, həm də işsizliyin daşın atar və dövlət büdcəsi indikindən qat-qat çox artar.

Səid İsaoğlu,
Sitat.info



Xəbər xətti