"İndiki vəziyyətdə vergi qurumları yığımlarının artımı ilə öyünməməlidir" - Professorun TƏHLİLİ

11:29 23 Noyabr 2022

Nəzərə almaq lazımdır ki, Azərbaycanda real sektorun canlandırılması bu gün ölkə iqdisadiyyatının inkişafı baxımından, dayanıqlı iqdisadi inkişaf istiqamətlərindən biri kimi nəzərdə tutulmalıdır. İdxalın əvəz olunması həm daxili sosial sabitlik üçün, həm inflyasiyaya qarşı tədbirlərin həyata keçirilməsi üçün, həm də ölkəyə işgüzar mühitlə bağlı xarici texnologiyaların gəlməsi üçün olduqca önəmlidir". 

Bu sözləri Sitat.info-ya açıqlamasında professor Elşad Məmmədov deyib.

Onun sözlərinə görə, bunun üçün ilk növbədə hesab edirəm ki, investisiya yönümlü iqdisadi siyasət aparılmalıdır: "Pul-kredit siyasətini yumuşaltmalıyıq. Bu günkü faiz dərəcələri ilə, sərt pul-kredit siyasəti ilə işgüzar fəallığın stimullaşdırılması olduqca çətindir.  

Digər tərəfdən biz ölkəyə texnologiyalar idxal etməliyik, bu olduqca önəmlidir".

E.Məmmədov əlavə etdi ki, brendləşmə ilə bağlı,  yəni xarici brendlərin bu gün ölkədə istehsal proseslərinin qurulması ilə bağlı imkanlar mövcuddur: "Xüsusilə nəzərə almalıyıq ki, bir çox dünya miqyaslı brendlər Qərb dairələrinə məxsusdurlar. Onlar Rusiya bazarından çıxdılar və onların bütövlükdə avrasiya məkanına keçməsi üçün bir körpünün olması məsələsi aktualdır. Türkiyə dövləti bu istiqamətdə böyük səylər göstərir. Lakin hesab edirəm ki, Azərbaycanın burada imkanları daha çoxdur. Çünki biz birbaşa Rusiyaya çıxış imkanlarına sahibik". 

İqtisadçı alim hesab edir ki, Azərbaycan üzərindən nəinki Rusiyaya, bütövlükdə Avrasiya İqtisadi məkanına xarici brendlərin keçidinin təmin edilməsi bizim xarici iqtisadi siyasət nöqteyi-nəzərdən mühüm istiqamətlərimizdən biri olmalıdır: "İmkanlar, perspektivlər var amma nəzərə almaq lazımdır ki, ilk növbədə daxili investisiya mühiti münbit olmalıdır. 

O ki qaldı vergi yükünə, fiskal qurumlar, vergi qurumları mürəkkəb iqtisadi şəraitdə, iqtisadi artımın məhdud olduğu vəziyyətdə kəskin vergi yığımlarının artımı ilə öyünməməlidir. Vergi yığımı iqdisadi yığımın arxası ilə getməlidir. İqdisadi artım iki dəfə artıbsa vergi yükünün 1.7, 1.8 % artımı məqbuldur ki, qalan vəsait ölkədə investisiyaların isqtiqamətlənməsinə sərf olunsun. Əks halda bütün vəsaitin böyük hissəsinin vergi şəklində, fiskal yığımlar şəklində çəkilməsi və sonradan hansısa büdcə xərclərinin iqdisadiyyata qaytarılmasına çalışmaq bazar iqtisadiyyatı şəraitində məqbul hesab edilə bilməz.

İstər pul-kredit siyasəti,  büdcə vergi siyasəti,  xarici iqtisadi siyasət, istərsə də sənaye siyasəti  yerli iqdisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə xidmət etməlidir".

Seymur Bənnayev,

Sitat.info



Xəbər xətti