"Paşinyanın müxtəlif cəhdlərlə KTMT - ni "oyuna daxil etmək" cəhdləri əbəsdir" - Siyasi şərhçi

13:35 24 Noyabr 2022

"Son zamanlar Ermənistanla KTMT arasındakı ziddiyyət aydın hiss olunur. Bir müddət əvvəl qurumdan bildirilmişdi ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması KTMT səlahiyyətlərinə aid deyil. Bu, o demək idi ki, İrəvan öz işini özü görməlidir".

Bu fikirləri Sitat.info-ya açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib. 

O, qeyd edib ki, Ermənistan baş naziri Nikol Paşinyan dünən KTMT- nin iclasında bu qurumla bağlı tənqidi fikirlər səsləndirib: "Hökumət başçısı Azərbaycanı hərbi təcavüzdə ittiham etməklə yanaşı, bunda günahkar kimi KTMT - nin səriştəsizliyini göstərib. Ardınca isə o, etiraz əlaməti olaraq KTMT- nin yekun bəyanatına imza atmayıb. 
 Məlum olduğu kimi, Rusiya KTMT-nin leytmotovidir. Deməli, Ermənistan - KTMT münasibətləri həm İrəvan- Moskva əlaqələri kontekstində qiymətləndirilməlidir. Təsadüfi deyil ki, son zamanlar Rusiya - Ermənistan arasında ziddiyyətlər yaşanır".

K.Novruzov vurğulayıb ki, KTMT daxilində Türk Dövlətləri Təşkilatının üzvləri də var: Bu dövlətlər Şərq- Qərb əlaqələrində son vaxtlar xüsusi fəallıq göstərirlər. Məsələn, Özbəkistan Prezidenti Şavkat Mirzoyev yaxın keçmişdə Fransaya səfər etmiş, həmkarı Emmanuel Makronla görüşmüşdü. Belə səfərlər az- az olur. Düşünürəm ki, həmin görüşdə Cənubi Qafqazdakı durum, xüsusilə Zəngəzur dəhlizinin perspektivləri də müzakirə olunmuşdu. Yəni artıq bir sıra Türk Dövlətləri Təşkilatı üzvləri də Rusiyanın siyasətinə zidd davranırlar". 


Novruzovun fikrincə, onu da nəzərə almaq lazımdır ki, Şərqi Avropada gedən müharibə və Qərbin Rusiyaya təzyiqləri fonunda bu dövlət tədricən zəifləyir: "Müxtəlif beynəlxalq təşkilatların, o cümlədən Avropa Parlamentinin Rusiyanı terrorçuluğu himayə edən dövlət kimi tanıması bu dövlətin nüfuzuna zərbə vurur.
 Beləliklə, KTMT daxilində ziddiyət yaranmaqla yanaşı, həm də bu təşkilat özü daxilən zəifləyir. Deməli, KTMT - nin hansısa formada Ermənistanı dəstəkləyəcəyi ağlabatan deyil. Xüsusilə təşkilat daxilindəki türk dövlətləri buna imkan verməz. Odur ki, Paşinyanın müxtəlif cəhdlərlə KTMT - ni "oyuna daxil etmək" cəhdləri əbəsdir.  KTMT gələcəkdə Minsk Qrupunun taleyini yaşaya, tarixin səhifələrinə düşə bilər. Yəni bir müddət sonra bu qurumun dağılması gözləniləndir".



Xəbər xətti