"Bütövlükdə maaş və pensiyaların, müavinətlərin artımı inflyasiya artımı ilə müqayisə edilə bilməz. Ona görə ki, inflyasiya daha yüksək templərlə gedir. Təəssüf ki, bu yalnız Azərbaycanda deyil, dünyada da belədir. Türkiyədə inflyasiyanın bizdən dəfələrlə çox olduğunu görürük".
Bu sözləri Sitat.info-ya açıqlamasında iqtisadçı ekspert Əkrəm Həsənov artan inflyasiya fonunda əhalinin maaş və pensiya artımlarını hiss etməməsi ilə bağlı deputat Fazil Mustafanın fikirlərinə cavab olaraq bildirib.
O vurğulayıb ki, bunun üçün birinci növbədə iki qurum birgə fəaliyyət göstərməlidir və hər biri öz növbəsində müəyyən addımlar atmalıdır:
"Qurumlardan biri Mərkəzi Bankdır. Mərkəzi Bank haqqında qanuna görə qiymətlərin sabitliyinin təmin edilməsi Mərkəzi Bankın əsas məqsədidir. Qiymət sabitliyi də inflyasiya ilə mübarizədir. Bunlar Mərkəzi Bankın vəzifələridir, lakin öhdəsindən gələ bilmirlər. Hər şey Mərkəzi Bankdan asılı olmasa da, onlar vəziyyətə nəzarəti gücləndirib addım ata bilərlər".
Ə.Həsənov vurğuladı ki, birinci növbədə inflyasiyanın əsas səbəblərindən biri kredit faizlərinin yüksək olmasıdır: "Sahibkara kredit faizi nə qədər yüksək verilərsə o da məcbur qalıb göstərdiyi xidmətin qiymətini yüksəldəcək. Mərkəzi Bankın atacağı ilk addım dəfələrlə dediyimiz kimi bütün banklara bərabərhüquqlu şəkildə, uçot dərəcəsi ilə kreditlər verməsidir. Bir neçə banka bu şəkildə kredit verilsə də digər banklar kənarda qalır. Həmin bankların heç biri aşağı faizlə kredit vermirlər. Bu, Mərkəzi Bankın əlində çox vacib alətdir. Uçot dərəcəsi ilə kreditlər banklara bərabərhüquqlu verilərsə banklar faizləri aşağı salacaq, kredit götürən sahibkar da satdığı xidmətin qiymətini qaldırmayacaq".
İqtisadçı əlavə etdi ki, hökumətdən, Nazirlər Kabinetindən asılı olan səbəblər də var: " Yenə də birincisi kredit məsələsidir. Bu gün dövlət sahibkarlara, Sahibkarlığın İnkişafı Fondu, Kənd Təsərrüfatı Nazirliyi xətti ilə güzəştli kreditlər verir. Lakin bu kreditlərin ətrafında bəzi korrupsiya şübhələri var. Bunun səbəbi əməliyyatların qeyri-şəffaf aparılmasından irəli gəlir. Gec də olsa Vergi Məcəlləsinə bəzi dəyişikliklər əlavə olunub. Dekabrın ortalarında qədər Parlamentin onu qəbul edəcəyi və Prezidentin də təsdiq edəcəyi gözlənilir. Həmin layihədə vergilərin azaldılması kimi bir düzəliş görünmür. Bu da məsələnin digər tərəfidir".
Ə.Həsənov diqqətə çatdırdı ki, daha bir məsələ isə Azərbaycanda dövlətin inhisarında olan sahələrlə bağlı Tarif Şurası tərəfindən tənzimlənən qiymətlərdir: "Dövlət həmçinin qənaət rejimində işləməlidir. Elə sahələr vardır ki burada qənaət etmək olmur, sosial sahə və s. Lakin dövlət məmurlarına xərclənən vəsaitlər və s. kimi xərcləri azaltmaq lazımdır. Siyasi baxımdan İsraildə səfirliyin açılmasını baş düşmək olar, nəinki Keniyada. Bunlar da əlavə xərcdir".
Seymur Bənnayev,
Sitat.info