Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması barədə danışıb. O deyib ki, Rusiya Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına töhfə vermək istiqamətində işini davam etdirir.
Rusiyanın müxtəlif rəsmiləri əvvəllər də dəfələrlə oxşar açıqlamalar veriblər. Ümumiyyətlə, son zamanlar belə bəyanatlar intensivləşib. Əlbəttə, bu, təsadüfi deyil.
İlk növbədə onu deyək ki, şərqi Avropada davam edən savaş, Qərbin artan təzyiqləri Rusiyanın xarici, xüsusilə regional siyasətinə təsir edib. Kreml tədricən sivil dünyadan təcrid olunub. İndi Moskvaya qonşuları, ələlxüsus regional və qlobal aktor olan Bakı ilə xoş münasibətlər hava- su kimi lazımdır. Məhz bu səbəbdən də şimal qonşumzu Cənubi Qafqazla bağlı bu qədər cənfəşanlıq edir.
İkinci bir tərəfdən, indi region uğrunda Qərb və Rusiya arasında mübarizə gedir. Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsi nəticəsində bölgədə yeni realıq yaranıb. Azərbaycan ordusu 2 il əvvəl tarixi zəfərlə münaqişə səhifəsini bağlayıb. İndi regional tələb konfliktin həlli yox, Ermənistanla- Azərbaycan arasında yekun sülh müqaviləsinin imzalanmasıdır. Məhz bu səbəbdən, müxtəlif beynəlxalq güclər, o cümlədən Kreml vasitəçiik təşəbbüsləri ilə fərqlənməyə çalışır. Onlar çalışırlar ki, ehtimal edilən sülh müqaviləsi öz moderatorluqları ilə imzalansın. Beləliklə, hər bir güc- həm Qərb, həm də Rusiya regiondakı mövcudluğunu qorumaq istəyir.
Tərəflər arasında rəqabət yeni fürsətlər yaratdığına görə, müəyyən mənada bizim maraqlarımıza cavab verir. Biz böhranı fürsətə çevirərək yaranan imkanlardan öz xeyrimizə istifadə edə bilərik. Sadəcə elə etmək lazımdır ki, üçüncü güclərin- nə Qərbin, nə də Kremlin proseslərə təsir imkanı olsun. Çünki onlar səmimi deyillər. Və mübarizədə üstünlüyü ələ aldıqdan sonra yenidən “suları bulandırmağa” çalışacaqlar.
Rusiyanın bəyanatları səmimi deyil. Əgər Moskva İrəvanla Bakı arasında sülh müqaviləsinin imzalanmasında, həqiqətən, maraqlı olsa idi onda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərdə erməni terrorçularının təxribat törətmələrinə icazə verilməzdi. Əgər Rusiya buna göz yumursa, deməli, birbaşa olaraq gərginliyə şərait yaradır. Bu isə Kremlin vasitəçilik təşəbbüsündəki səmimiliyini sual altına qoyur.
Beləliklə, Rusiya səmimiliyini göstərmək istəyirsə, “Amerika kəşf etməməlidir”. Aydın məsələdir ki, sülh müqaviləsinin qarşısını alan əsas məsələlərdən biri Ermənistanın təxribatlarıdır. Deməli, Moskva İrəvana “qulaq burması” verməli, sülhməramlılar öz işlərini doğru-düzgün yerinə yetirməli, terrorçuları bölgədən çıxarmalıdır. Bu halda Rusiya həm 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il üçtərəfli razılaşmaların şərtlərini yerinə yetirmiş olar, həm də səmimiliyini göstərər. Rusiya bunu etmirsə, biz niyə 30 il Minsk Qrupunun həmsədri kimi heç bir əməli nəticəyə nail olmayan dövlətin səmimiliyinə inanmalıyıq?
Kənan Novruzov
Xüsusi olaraq Sitat.info üçün