İran Ukraynadakı müharibəyə qoşulur?- Politoloq perspektivləri açıqladı

13:18 28 Noyabr 2022

Doqquz aydır davam edən Rusiya-Ukrayna müharibəsi digər dünya dövlətlərinə də əsaslı təsir göstərməkdədir. Bir az mübaliğə ilə desək, Şərqi Avropada yer- yerindən oynayır. Belə bir vəziyyətdə digər dünya dövlətləri öz mövqelərini ortaya qoyurlar. ABŞ və müttəfiqləri açıq - aydın Rusiyanı sıxışdırmağa çalışır, İran kimi dövlətlər isə "saman altdan su yeridirlər".

İran xeyli müddətdir texnika, xüsusilə "Şahed" PUA- ları ilə Rusiyaya dəstək verir. Müxtəlif  ekspertlər təlim keçmiş iranlı hərbçilərin döyüşlərdə iştirak edə biləcəyini proqnozlaşdırırlar. Bu isə o deməkdir ki, yaxın gələcəkdə tərəflər arasında sülh müqaviləsi imzalanmayacaq, dünya nizamı sabitləşməyəcək. 

Hazırkı durumun perspektivi barədə danışan politoloq İlqar Vəlizadə Tehran və Moskvanın  Qərb sanksiyaları altında olduğunu bildirib:  “İndiki vəziyyət taktiki yaxınlaşmaya səbəb olub. İran müharibədə birbaşa iştirak etməyəcək. Həm coğrafi baxımdan, həm geosiyasi baxımdan bu mümkün  deyil.  Rusiyaya əsaslı dəstək verməklə demək olar ki, dolayı yolla İran müharibədə iştirak edir, onu müttəfiq saymaq olar.  

İranın Rusiyaya hərbi-texniki dəstək verməsi daxili duruma birbaşa təsir etmir.  Lakin iddialara görə, məsləhətlər verilir, kömək edilir.  Bunların nə qədər gerçək olduğunu demək çətindir.  Ehtimal olunur ki,  belə daxili proseslərin çözülməsi ilə bağlı məsləhətləşmələr var".

Politoloqun sözlərinə görə, Tehrana  təsirlər güclənir, bu dövlətə  tətbiq olunan sanksiyaların siyahısı artırılır: “Bu da ondan xəbər verir ki,  İran Rusiyayla olan münasibətdə daha çox uduzur.  Qərbin İranla apardığı münasibətdə sərtləşmə müşahidə olunur.  Bu, İranla Qərb arasında yeni nüvə sazişinin imzalanmasına və yaxud köhnə nüvə sazişinin bərpasıyla olan danışıqlara mənfi təsir göstərir".
                           
Səbinə Elmanqızı,

BDU Jurnalistika fakültəsinin tələbəsi



Xəbər xətti