Azərbaycan Fransa, Rusiya və Ermənistandan ibarət "üç bacı" əməliyyatı ilə üzləşib - Elçin Xalidbəyli

09:14 1 Dekabr 2022

Məlum olduğu kimi Fransa Ermənistanı müdafiə edərək Azərbaycana qarşı qarayaxma aparan dövlətlərdən biridir. Bu yaxınlarda Fransa Senatının qəbul etdiyi qətnamə də Azərbaycan ictimaiyyəti tərəfindən etirazla qarşılandı. İndi isə Fransanın əl atdığı növbəti variant Qarabağla Ukraynanı müqayisə edərək, Azərbaycanı Rusiya kimi təcavüzkar ölkə olaraq tanıtmaq və beynəlxalq sankskiyalara məruz qoymaqdır. Buna ilk başda ukraynalıların özləri etiraz ediblər. 

Mövzu ilə bağlı Sitat.info-ya danışan siyasi şərhçi Elçin Xalidbəyli bildirdi ki,  Fransa dünyanın ən ikiüzlü dövlətidir və bu dövlətin ümumiyyətlə, dünyada heç bir ölkəni və ya xalqı ittiham etməyə mənəvi və hüquqi haqqı çatmır: "Çünki, Fransanın yaxın tarixi müstəmləkəçilik siyasəti yürütdüyü ölkələrin xalqlarına qarşı kütləvi qırğınlar və soyqırımlar törətməsi barədə faktlarla zəngindir. 
Digər tərəfdən, Fransanın Azərbaycan-Ermənistan və Ukrayna-Rusiya münaqişələri arasında aparmağa çalışdığı paralellər də qondarma və absurddur. Çünki, bu iki münaqişədə məhz Azərbaycan və Ukrayna hərbi təcavüzə məruz qalmış ölkələrdir. Ukrayna öz ərazilərini Rusiya işğalından qorumağa çalışır. Azərbaycan isə məhz ATƏT-in Minsk Qrupuna həmsədrlik etmiş Fransa, ABŞ və Rusiyanın günahı, ikilistandartlar əsasında davranmaları ucbatından 30 il Ermənistanın işğalı altında qalmış ərazilərini azad etməklə məşğuldur. Eyni zamanda, Fransanın "təcavüz olunması" barədə uydurma iddialar icad etməyə çalışdığı Qarabağ bölgəsi də məhz Azərbaycanın beynəlxalq hüquqla tanınmış sərhədləri daxilində olan ərazidir".

E.Xalidbəyli vurğuladı ki, Fransa məhz belə ermənipərəst mövqe tutduğu üçün rəsmi Bakı tərəfindən Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında, ümumiyyətlə isə Cənubi Qafqazda gedən geopolitik proseslərdə iştirak imkanlarından məhrum edilib: " Yəni, rəsmi Paris öz günahı ucbatından Fransanı Cənubi Qafqazda cərəyan edən bütün proseslərdə oyundankənar vəziyyətə salıb. İndi rəsmi Paris Fransanı yenidən Cənubi Qafqazla bağlı proseslərə qaytarmaq üçün Azərbaycana müxtəlif yollarla təzyiq göstərməyə çalışır. Və Fransanın bu cəhdlərinin baş tuta biləcəyi qətiyyən inandırıcı görünmür".

Siyasi şərhçi onu da qeyd etdi ki,  rəsmi Parisin Azərbaycana təzyiq göstərmək üçün elə bir ciddi mexanizmləri yoxdur:  Fransanın Azərbaycanın enerji resursları ixracına embarqo qoyulmasına yönəlik cəhdləri də reallıqdan uzaqdır. Birincisi, Fransa prezidenti Emmanuel Makron da bir müddət öncə öz ermənipərəst açıqlamasında qeyd etmişdi ki, Fransa Azərbaycandan enerji resursları idxal etmir. Yəni, Fransanın Azərbaycanın enerji resursları alıcıları arasında elə bir ciddi payı yoxdur. Əgər, Azərbaycandan enerji resursları almırsa, Fransanın embarqoları da heç bir əhəmiyyət daşımır. Düzdür, Fransa bu məsələni əsas aparıcı ölkələrindən biri olduğu Avropa Birliyi üzərindən də aktuallaşdırmağa çalışır. Ancaq Avropa ölkələrinin Fransanın məkrli intriqalarına, cılız hədəflərinə əhəmiyyət verəcəkləri hazırda qətiyyən inandırıcı görünmür. Çünki, Avropa ölkələri hazırda ciddi enerji böhranına düçar olublar. İndi Azərbaycan enerji resursları qaymağı kimi, Avropa ölkələri üçün "Fransa-Ermənistan baxıldığı"ndan daha böyük əhəmiyyət daşıyır".

Politoloq qeyd etdi ki, Avropa Birliyi enerji resurslarına bu qədər ehtiyac duyduğu bir dövrdə Fransanın absurd çağırışlarına uyub, Azərbaycan ilə problemlər yaratmağa həvəs göstərməz: " Yəni, Fransanın bütün bu avantürist davranışları real nəticə şanslarından çox-çox uzaqdır.
Onu da qeyd etmək lazımdır ki, Fransanın bu avantürist manevrlərində Azərbaycanın müttəfiqi olan Türkiyəyə qarşı düşmənçiliklə yanaşı, Böyük Britaniya ilə kəskin rəqabət də mövcuddur. Çünki, məhz Böyük Britaniya Azərbaycanın enerji sektorunda ən böyük paya sahib ölkədir. Böyük Britaniyanın BP şirkəti Azərbaycanın enerji sektoruna on milyardlarla dollar sərmayə yatırıb. Fransanın "Total" şirkətinin sərmayəsi isə təxminən bir milyarda yaxındır. İndi Fransa bir tərəfdən də, rəsmi Bakıya təzyiq göstərməklə daha çox pay qopara biləcəyinə də ümid bəsləyir". 

E.Xalidbəyi onu da diqqətə çatdırdı ki, hətta Cənubi Qafqaz ətrafında cərəyan edən proseslərə münasibətdə Fransanın səhnə arxasında Rusiya ilə anlaşdığı və ortaq hərəkət etdiyi barədə də müəyyən məlumatlar mövcuddur: "Bu baxımdan, hazırda Azərbaycanın Fransa, Rusiya və Ermənistandan ibarət "üç bacı" əməliyyatı ilə üzləşdiyini də düşünmək olar.
Ancaq Azərbaycan bütün bunlara tab gətirə biləcək gücə və resurslara sahibdir. "Üç bacılar" isə hazırda iflas dövrünü yaşayır. Kasıb və Rusiyanın nökəri olan Ermənistanın vəziyyəti hər kəsə məlumdur. Rusiya Ukraynada düşdüyü "savaş bataqlığı"nda boğulmaqda davam edir. Fransa isə böyük sürətlə dünyada nüfuzunu itirməyə başlayıb. Hətta yaxın vaxtlarda Fransanın dünya nəhəngindən, sadəcə, regional səviyyəli ölkəyə çevrilmə ehtimalı da var. Eyni zamanda, şaxtalı qış öz təsirini daha çox göstərdikcə, Fransada daxili böhran dərinləşdikcə prezident Emmanuel Makronun istefa vermək məcburiyyətində qala biləcəyi də qətiyyən istisna deyil.
Bütün bunlar onu göstərir ki, hazırda Azərbaycanın Fransanın qurmağa çalışdığı məkrli oyunlardan ciddi narahatlıq keçirməsi üçün elə bir əsas yoxdur. Fransanın embarqo çağırışlarının real nəticələr verə biləcəyi qətiyyən inandırıcı görünmür".

Nərgiz, 

Sitat.info



Xəbər xətti