"Fransanın Ermənistana hərbi yardımına qarşı önləyici addımlar atmalıyıq" - Əziz Əlibəyli

14:30 6 Dekabr 2022

"Gümrüdəki hərbi bazanı yerindən tərpətmək, yaxud çoxmillətli qüvvələri əraziyə gətirmək regionu məhvərindən çıxarar. Unutmayaq ki, 2025-ci ildə bütün kommunikasiyaları tam nəzarətə götürən Azərbaycan faktiki olaraq, sülhməramlı qüvvələri öz hərbi kontingenti ilə mühasirəyə alır və təkcə Ağdərədə keşik çəkən erməni birləşmələrini deyil, həm də regionu yaxşı tanımayan Volkova-əlbəttə, o zamandək əvəzlənməsə, alternativ seçim yeri qoymur. Lakin başa vurduğumuz ilin sonunda yeni çağırışlara cavab verməliyik: Erməni şovinizmi, dağıdıcı millətçiliyi indi Rusiyaya qarşı yönəlib. Kremlin mərkəzi efir məkanında tonu müəyyən edənləri “arzuolunmaz şəxs” siyahısına alanlar artır və beləliklə, Rusiyanın Ukrayna siyasətinə etiraz edən ermənilərin sayı çoxalır. Ermənistan dünyanın diqqət və yardımını qazanmaq üçün Ukrayna obrazına daha tez-tez əl atır".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Əziz ƏIibəyli bildirib. 

O vurğulayıb ki, Xankəndinin İrəvan tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınması dünya erməniçiliyinə necə təsir edəcəyi əsas sualdır: "Hər halda “miatsum” ideologiyasının parçalanması ilə açılan üfüqlərdən yararlanmağa dair planlara ehtiyac duyulur.

Azərbaycan erməniləri “sülh müqaviləsi” imzalanandan sonra özlərini necə aparacaqlar? Son dövrlər regiona göndərilən Ruben Vardanyanı iqtisadi, yoxsa hərbi hədəf kimi gördüyümüz aydın olmalıdır.

Ermənistan öz təhlükəsizliyini yeni ittifaqlara daşıyarsa, əks tədbirlərimiz nədən ibarət olacaq?

Ölkəmiz əleyhinə sanksiyaların gündəmə gətirilməsi heç də təsadüfi deyil. Ermənistanı Saakaşvili Gürcüstanı kimi Qafqazın “demokratiya adası” roluna hazırlayanların Qarabağ planı üçün əlverişli müstəvi və tanıma qərarı, ideoloji zəmin yaradılması diqqətdən kənarda qala bilməz. Cavab tədbirlərinə hazırıqmı?

Əgər Liviya-Suriya, yəni Böyük Yaxın Şərq matrisində vəziyyət tarazlıqdan çıxarsa, o zaman hadisələrin bizim regiona təsiri necə olacaq? Türkiyənin başlatdığı “Pəncə-qılınc” əməliyyatı Rusiya, İran və ABŞ-la razılaşdırılmayıb və nəticələr Qarabağa da təsir edə bilər. Bizim siyasi elitamızın cəmiyyətə mesajları hazır olmalıdır".

Ə.Əlibəyli vurğuladı ki, Ukrayna cəbhəsində vəziyyət geostrateji seçim tələb edəcək: " Belə vəziyyətdə, qalib Azərbaycanın Türkiyə ilə birgə Alyansda yer alacağına şübhə yoxdur. Son hərbi təlimlər dünyaya açıq mesajlar verir.

İran daxilində yetişən etiraz nüvəsi partlayarsa, o zaman cənubdan gələn qəlpələr Avrasiya qitəsi üçün təhlükəli etnik-separatçı subyektləri meydana çıxara bilər. İrandakı milli hərəkata dair aydın konsepsiyamız olmalıdır, eləcə də strateji xəritələri hazırlamağı bacaran siyasi komando xüsusi təyinatlı qüvvələr qədər vacibdir. Doğrudur, İranda vahid siyasi qüvvə və lider yoxdur. Misirdən fərqli olaraq, burada qapalı teokratik sistem mövcuddur və ömürlük taxt-taca əyləşən ruhani rəhbərə baxmayaraq, mürəkkəb istismar aparatı ölkəyə hökmranlıq edir. O üzdən qanlı proseslər genişləndikcə regional təhlükəsizliyə təhdidlər yaranır.

Zəngəzur koridorunun açılması təkcə 200 km-lik məsafəyə qənaət yaratmır-əlbəttə, yolun qısalığı logistika imperiyaları üçün qızıl qaydadır, lakin Vətən müharibəsindən sonra növbəti geosiyasi və geoiqtisadi təlatüm yaradacaq dəhliz və qovşaqlar Qərbə çıxış yolu bağlanan Rusiyanın maraqları ilə sinxronluq təşkil edərək Azərbaycandan Türkiyə-Ermənistan sərhədlərinin açılmasına cəmiyyəti və iqtisadi qüvvələri hazırlamağı tələb edir. Prezident Əliyev inamla, ona xas ötkəmlik və hökmlə bəyan etdi ki, Rusiya nümayəndələri ilə danışıb və açılmaya müqavimət göstərmək ermənilərin gücündə deyil. Xatırladaq ki, Zəngəzurdan Türkiyənin əsas iqtisadi rayonlarına məsafə 610 km, Bakı-Tiflis-Qarsla isə 830 km-dir".

Politoloq diqqətə çatdırdı ki, Qarabağ cəbhəsində sınanan İsrail silahlarını İranla müharibənin baş məşqi adlandırırlar: "Müstəqillikdən 30 il sonra Azərbaycana Qərbin forpostu və İrana qarşı yüksəkdəqiqlikli silahların tətbiq bazası kimi yanaşanlarla davranışlarımız necə olacaq? İranın Şahab raketlərindən qorunmaq üçün HİMARS, ASAMS texnologiyalarını anti-Tehran koalisiyasına kim verəcək?

Biz hərbdə 4-cü nəsil texnologiylarını tətbiq etdiyimizlə haqlı olaraq öyünürük, süni intellekt məhsulları ilə göylərdəki ordumuzun gücünü yerlə birləşdirməyin fəxarətini yaşayırıq, lakin kənd təsərrüfatı və iqtisadiyyatda sənaye inqilabı etməmişik. Elmimiz və akademiyalar ordudan geri qalır. Halbuki əksinə olmalıydı. Bizim ön cəbhəmiz sayılan texnogəncliyimiz hazır deyil və böyük coğrafiyalar, vahid xalq üçün hələ çox işlər görülməlidir. Qələbəmizin ixracı bütün resursları hazırlamağı tələb edir.

Sülh danışıqlarında monopoliya yoxdur. Belə vəziyyət xeyrimizədir, yoxsa ziyanımıza? Daha 30 il də danışıqlara hazırıqmı? Yorulmuş xalq həmişə qorxulu olur. Daxili sarsıntılar və qalib elitaya qarşı yeni milli kimlik qazanan cəmiyyətin tələblərinin artdığını gərək unutmayaq.

Digər bir məsələ, Fransanın Ermənistana hərbi yardımına qarşı önləyici addımlar almaqdır. Təsadüfi deyil ki, fransız parlamentarilərin hər üç qətnamədə silah dəstəyi açıq yer tutur və Makron bədnam müsahibəsində erməniləri tək qoymacağına əmin edir-o zaman alternativlər nədən ibarət olacaq? Region sürətlə silah embarqosundan çıxarsa, Qərb seriyalı, yüksək müşahidə qabiliyyətli və uzaq məsafəli dağıdıcı silahların bölgəyə gəlməsi savaşın radiusunu və itkilərin miqyasını görməyi bizdən tələb edir".

Səid İsaoğlu,

Sitat.info



Xəbər xətti