Notariuslarda dövr edən milyonlar: E-hökumət varsa, notarial təsdiq nəyə lazımdır?

16:46 6 Dekabr 2022

Azərbaycanda elektron hökumət qurulub və ötən illərlə müqayisədə son dövrlər xeyli inkişaf edib. E-hökumətdə bütün dövlət qurumlarının elektron informasiya resursları vahid sistemlə bir-birinə adaptasiya olunub. Qurumlar, şirkətlər dövlət qurumlarından onlayn formada istənilən məlumatı əldə edə bilirlər. Bununla belə, yenə də sənədləşmə zamanı əksər sənədlərin notarial təsdiqini tələb edirlər. Nəticədə notariatlara axın baş verir, insanların əlavə əziyyəti, xərcləri yaranır. Bura bütün rəsmi sənədlərlə bağlı işləri nümunə göstərə bilərik. Doğrudur müəyyən sənədlərin tərcüməsi və sair üçün notarial təsdiq lazım ola bilər. Lakin ümumilikdə elektron sistem yaradılıbsa notarial təsdiqin əhəmiyyəti nədir və bu durumu necə qaydaya salmaq olar? Burada milyonlarla manatın dövr etdiyini nəzərə alsaq, noratiatlar bir gəlir mənbəyi kimimi saxlanılıb?

Mövzu ilə bağlı  Sitat.info-ya açıqlama verən iqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov vurğuladı ki, bunun əsas səbəbi dövlət qurumlarının astagəl fəaliyyətidir: " Hər hansısa sənədin elektron variantı portalda varsa, onun notarial təsdiqi tələb edilməməlidir.  Belə məsələlərdə özəl sektor daha çevikdir. Dövlət qurumları təəssüf ki, bu kimi məsələlərdə çevik deyil. Özəl sektorlardan bankları nümunə göstərə bilərik. Banklarda hüquqi şəxslərin bank hesablarını açdıqda təlimatda həmin şəxsin sənədlərinin hər biri notarial qaydada təsdiq olunmuş vəziyyətdə olmalıdır. Amma bəzi banklar, əgər sənədlər onlayn formatda varsa, notarial təsdiqi tələb etmirlər . Bu baxımdan həmin banklar xeyli inkişaf ediblər. Özəl sektorlar müştərilərinə əziyyət vermək istəmir".  

Ə.Həsənov qeyd etdi ki,dövlət qurumlarında, ümumiyyətlə məmur psixologiyasında hər şeyin formal qaydada olmasına öyrəşilib: "Məmur təqdimatda, qayda-qanunlar necədirsə onu tətbiq edir. Lakin həmin qayda-qanunlara təkliflər verib dəyişikliklər etmək lazımdır. Bu proses çox sadədir. Əgər dövlətin informasiya resursunda sənədin elektron variantı varsa, notarial təsdiqi ehtiyac qalmamalıdır. Təəssüf ki, bunun üçün heç kəs addım atmır. Burada vətəndaşlar düşünülmür. 
Vətəndaş cəmiyyəti, ekspertlər, fəallar, mətbuat və s. kimi qurumlar bu mövzunu konkret məsələlər üzrə qaldırmalıdır və məmurlardan bu qaydaların dəyişdirilməsi tələb olunmalıdır".

Seymur Bənnayev,

SİTAT.İNFO



Xəbər xətti