Rusiya və İranı birləşdirən ortaq maraqlar: Cənubi Qafqazda...

16:12 7 Dekabr 2022

"Rusiya və İranın münasibətlərində tarixən müəyyən problemlər olub. Ancaq müasir dövrdə bu iki ölkə mümkün qədər normal münasibətlərə, əməkdaşlığa, hətta bəzi hallarda tərəfdaşlığa belə, üstünlük verməyə çalışırlar. Çünki hazırda Rusiya və İranın maraqlarında ortaq məqamlar kifayət qədərdir".

Bu sözləri Sitat.info-ya açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli Rusiya-İran münasibətlərini dəyərləndirərkən deyib. 

Onun sözlərinə görə, məsələ ondadır ki, həm Rusiya, həm də İran uzun müddətdən bəri ABŞ və Qərbin hədəfində olan dövlətlərdir: "Ona görə də, Kreml ABŞ və Qərblə hərbi-siyasi rəqabətdə İranla müttəfiqliyə yaxın tərəfdaşlığa üstünlük verir. Onu da nəzərə almaq lazımdır ki, Rusiya İranda Atom Elektrik Stansiyasının tikilməsində də xüsusi rol oynayır. Yəni, İranın nüvə texnologiyalarına yaxınlaşmasında Rusiyanın da iştirakı var.
Digər tərəfdən, Rusiyanın Ukrayna savaşına başlamasından sonra Kremllə rəsmi Tehranın münasibətləri daha da yaxınlaşıb. Əsas səbəb ondan ibarətdir ki, rəsmi Tehran hesab edir ki, Rusiya Ukrayna savaşında məğlub olarsa, ABŞ və Qərbin növbəti birbaşa hədəfi İran ola bilər. Ona görə də, İran Rusiyanın savaşda məğlub olmamasına yönəlik müəyyən cəhdlər edir. Təxminən oxşar mövqe Çin və Hindistan tərəfindən də əsas prioritet kimi qəbul edilir".


Cənubi Qafqaza gəldikdə isə siyasi şərhçi vurğuladı ki, Rusiya bu regionda hər hansı başqa ölkənin geopolitik iştirakına qarşıdır: "Yəni, Kreml İranın Cənubi Qafqaz müdaxilə etməsinə də qarşı çıxırdı. Hər halda, Ukrayna savaşının başlanmasına qədər məhz belə idi.
Ancaq Ukrayna savaşının başlanmasından sonra bu məsələdə də vəziyyət nisbətən dəyişib. Ukrayna savaşında ciddi şəkildə zəifləyən Rusiya regiona ABŞ və Qərbin yerləşə biləcəyindən narahatdır. Ona görə də, Kreml Cənubi Qafqazda İranın fəallaşmasına imkan verir. Bununla da, əlavə regional oyunçunun ortaya çıxması ilə ABŞ və Qərbin Cənubi Qafqaza yerləşmə imkanlarını mümkün qədər məhdudlaşdırmağa çalışır. İranın Ermənistanla yaxınlaşması da Rusiya üçün müəyyən mənada, sərfəlidir. Çünki bu, rəsmi İrəvanın ABŞ və Qərblə münasibətlərində ciddi problemlər yarada bilər".

Xalidbəylinin fikrincə,  Kreml hesab edir ki, İranın Cənubi Qafqazda fəallaşması Azərbaycana qarşı da əlavə təzyiq faktoru rolunu oynaya bilər: "Yəni, Kreml bununla Azərbaycana təhlükəsizlik üçün Rusiyanın əsas faktor olduğunun mesajını verməyə çalışır. Eyni zamanda, Rusiya Cənubi Qafqazda Türkiyə faktorunu İranı fəallaşdırmaqla, balanslaşdıra biləcəyinə ümid bəsləyir. Halbuki, Azərbaycan-Türkiyə ortaq hərbi təlimləri ilə cavab mesajı verildi ki, bu, qətiyyən mümkün deyil. Ümumiyyətlə, Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalanıb, Cənubi Qafqaz yeni inkişaf mərhələsinə keçənə qədər belə geopolitik oyunlar davam edəcək".

Məğrur, 

SİTAT.İNFO



Xəbər xətti