Tarif Şurasının qərarı ilə 50-yə yaxın dərmanın qiyməti artırılıb. Tarif Şurasının bu qərarı sosial narazılığa səbəb olub. Belə ki, insanlar bəzi dərman məhsullarının hədsiz bahalaşmasından şikayətlənirlər. Alıcılar, həmçinin, qiymətlərin artırılması ilə yanaşı dərmanların tapılmamasından da şikayətçidirlər. Bəs bu problemdə çıxış yolu nədir?
Bu məsələ ilə bağlı SİTAT. İNFO-ya danışan iqtisadçı-ekspert Rəşad Həsənov dərman məhsullarının qiymətinin artırılmasının səbəblərini və həll yollarını qeyd edib.
O bildirdi ki, daxili bazarda dərman məhsullarına olan tələbatın 99.5 faizi idxal hesabına ödənir: "Belə bir şəraitdə, düşünürəm ki, qısamüddətli , orta və uzun müddətli planlama olmalıdır. Qısamüddətli planlama, məhz dərman bazarında qiymətlərin aşağı düşməsinə , optimallaşmasına hədəflənməli və dərman məhsullarının idxalı həm əlavə dəyər vergisindən, həm də rüsumdan birmənalı şəkildə azad edilməlidir. Bu da çox böyük ucuzlaşmanı şərtləndirə bilər"
Ekspert bildirdi ki, əgər belə olarsa, hər məhsulda 33 faizə yaxın xərc yükü azala bilər: "Pandemiya dövründə bir çox dərman məhsullarına ölkələr kvota tətbiq etdiyindən Azərbaycanda çatışmazlıq yaranıb. Bu kimi riskli istiqamətlərdə hökumətin orta və uzunmüddətli dövrdə daxili tələbatın ən azından müəyyən bir qisminin ödənilməsi ilə bağlı bir strategiyası olmalıdır. Bunu üçün də böyük koorporasiyalara əlverişli şərtlər təklif etməklə bu koorporasiyalar Azərbaycana gətirilməlidir!.
Rəşad Həsənov, həmçinin qeyd etdi ki, Azərbaycan dərman bazarına üç əsas ölkənin dərman şirkətləri nəzarət edir: "İran şirkətləri, Rusiya dərman istehsalı şirkətləri və Türkiyə şirkətləri ölkəyə idxal olunan dərman bazarına nəzarət edir və öz aralarında demək olar ki, müxtəlif məhsul növləri üzrə "bazarı paylaşdırıblar", bu da onların monopolist qiymətlər tətbiq etməsi üçün imkanlar yaradır. Həmçinin, Tarif Şurası tərəfindən tənzimlənmə mexanizminin özünün təkmilləşməsinə ehtiyac var. Çünki burada topdan və pərakəndə satış mərhələsində, hər iki mərhələdə 20 faiz marjanın tətbiq edilməsi üçün imkan yaradılır, bu da idxal olunan dərman məhsullarının 40 faiz daha baha qiymətə satılması üçün şərait yaradır".
Ekspert son olaraq bu qaydaların dəyişməli olduğunu, həmçinin bu bazarda iştirakçıların sayının və rəqabətin artırılmalı olduğunu qeyd etdi.
Sevinc Cavabzadə