"Türkmən qazının ixracından Azərbaycan da, Türkiyə də öz dividentlərini götürə bilərlər" - Elşad Məmmədov

17:40 14 Dekabr 2022

"Hazırda dövlət başçısı Türkmənistanda səfərdədir. Türkmənistan qazının Türkiyə üzərindən keçərək Azərbaycan vasitəsilə Avropaya ötürülməsi bu üç dövlət arasındakı əlaqələri daha da gücləndirib. Ümumiyyətlə Türk dünyası ilə iqdisadi münasibətlərin genişləndirilməsi və vahid iqdisadi məkan halına gəlməsi gələcəkdə ümumi Türk dünyası üçün də faydalı olacaq. Bəs görəsən, enerji resurslarının ixracı istiqamətindəki əməkdaşlıq kifayət qədər ciddi gəlir qaynağı olacaqmı? Türkmənistan vasitəsilə başqa Mərkəzi Asiya bazarlarına çıxış əldə etmək mümkündürmü? Bu tərəfdaşlığın daha hansı faydaları olacaq?

Bu mövzu ilə bağlı Sitat.info-ya danışan professor Elşad Məmmədov bildirdi ki, hazırda Türkmənistanla Azərbaycan və eyni zamanda Türkiyə arasında iqdisadi əməkdaşlığın əsas prioritet istiqaməti kimi enerji daşıyıcılarının ixracatının təşkili nəzərdə tutulur: "Türkmənistan nəinki bölgənin, dünyanın ən böyük qaz yataqlarına malik olan dövlətlər sırasındadır və illik hasilat Türkmənistan rəsmi qurumlarının hesabatına əsasən 80 milyard kubmetrdən çoxdur. 

Aydındır ki, bu cür  zəngin resurslara malik olan dövlətlə əməkdaşlıq iqdisadi cəhətdən effektiv sayıla bilər. Lakin burada müəyyən problemlər var. Unutmayaq ki, Türkmənistan üçün əsas ixrac istiqaməti Asiyadır. Çin bazarı Türkmənistanın qaz ixracı üçün prioritetdir.  Avropa ölkələrindən fərqli olaraq Çin Türkmənistanın qaz infrastrukturuna birbaşa sərmayələr yatırmaqda çəkinmir və bundan öz dividentlərini götürür". 

Azərbaycan və Türkiyə üzərindən Türkmənistan qazının ixracatına gəlincə, professor vurğuladı ki, bu mümkündür: "Lakin reallıq onu deməyə əsas verir ki, həcmlər kritik dərəcədə çox olacaq. Və bu baxımdan sözsüz ki, Azərbaycan da, Türkiyə də öz iqdisadi dividentlərini götürə bilər. Amma Türkmənistanın əsas ixrac kəməri kimi götürülərək oradan Avropaya böyük həcmlər ixrac etmək və böyük məbləğdə valyuta daxilolmalarının dayanıqlı şəkildə olacağını gözləmək  sadəlövhlük olardı. Bununla yanaşı unutmayaq ki, digər dövlətlərin də maraqları var və bu maraqlar da nəzərə alınmalıdır". 

E.Məmmədov hesab edir ki, bu əməkdaşlıq təkcə enerji daşıyıcılarına söykənməməlidir: "Bu o demək deyil ki bütövlükdə iqdisadi əməkdaşlıqla bağlı perspektivlər yoxdur. Hesab edirəm ki, regional iqtisadi əməkdaşlıq yalnız enerji daşıyıcılarının ixracatına söykənməməlidir və bu baxımdan Avrasiya iqdisadi məkanı kifayət qədər böyük  perspektivlərə malikdir. Bu məsələyə həm Mərkəzi Asiya ölkələrini, həm Azərbaycanı, həm bütövlükdə Cənubi Qafqazı və digər bölgə ölkələrini daxil etmək olar. Bu əməkdaşlıq üçün böyük imkanlar var və bu imkanlar şübhəsiz ki, yalnız enerji daşıyıcıları ixracatından ibarət deyil".

Seymur Bənnayev,.

SİTAT.İNFO



Xəbər xətti