Quru sərhədlərinin hələ də bağlı qalması məsələsini əhali hər gün sorğulayır, lakin buna cavab tapa bilmir. Sosial şəbəkələrdə də narazılıqlar öz əksini tapmaqdadır. Digər tərəfdən bu prosesdə hərtərəfli qazanan sadəcə AZAL-dır. Əhali isə əlavə xərcə düşür. Quru yolu imkansız təbəqənin üstünlük verdiyi daha ucuz marşrut idi. Sərhədlərin bağlı qalması ilə ölkədən tək çıxış yolu olan AZAL qiymətləri daha da yüksəldib. Bu günə qədər sərhədlərin bağlı qalmasının səbəbi nədir? İctimaiyyətin bilmədiyi faktorlar hansılardır?
Mövzu ilə bağlı Sitat.info-ya açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli vurğuladı ki, quru sərhədlərinin bağlı qalmasının pandemiya ilə heç bir əlaqəsinin olmadığı açıq-aşkar görünür: "Bütün ölkələr demək olar ki, bu bəlanı geridə qoydular və virusun normal həyat üçün ciddi maneə yaratmadığını anladılar. Artıq bir çox ölkələrdə pandemiya üçün tətbiq olunan qadağalar aradan qaldırılıb. Yəni bu virusla əlaqəli deyil".
N.Cəfərli vurğuladı ki, bəzi mütəxəssislər bu məsələni daha çox təhlükəsizliklə əlaqələndirirlər: "Bu da o qədər də inandırıcı bir yanaşma deyil. Azərbaycanın Təhlükəsizlik Qüvvələrinin kifayət qədər imkanlı və gücü vardır ki, yarana biləcək problemləri zamanında həll etsin. Düşünmürəm bu bu sırf təhlükəsizlik məsələləri ilə əlaqəlidir. Məntiqi tapmaq çətindir".
İqtisadçı qeyd etdi ki, bu sərhədyanı ərazilərdə yaşayan əhali üçün daha çox problem yaradır, onların yaşam tərzinə də təsir göstərir: "Ona görə də düşünürəm ki, bu məsələ ilə bağlı yaxın zamanda qərar verilməsi daha məntiqli olardı. İstər-istəməz bu iqtisadiyyata da, insanların həyat tərzinə də mənfi təsir edir".
Seymur Bənnayev,
SİTAT.İNFO