Qlobal iqtisadiyyatın asılı olduğu iki mühüm amil: Növbəti ildə bizi nə gözləyir?

12:49 23 Dekabr 2022

"2023-cü il üçün verilən bütün proqnozlar iki məqamdan qaynaqlanır. Birincisi Çinin mövcud durumu - "zero Covid" strategiyası və əmlak böhranı fonunda artım iqtisadiyyatından tələb iqtisadiyyata keçidin intensivliyidir. İkincisi, Ukrayna müharibəsi - Rusiyanın əsgər sayını 1.5 milyon nəfərə çatdırması, yaz qabağı yeni hücum dalğasının gözlənilməsi və ABŞ-ın patriot sistemdən maliyyəyə qədər Kiyev hökumətinə dəstək verməsidir". 

Bu sözləri Sitat.info-ya açıqlamasında iqtisadçı ekspert Pünhan  Musayev deyib. 

O vurğulayıb ki, hər iki amil önəmlidir, ancaq sırf son dönəmə əsasən müharibəyə köklənmək lazımdır: "Bu gün neqativ nə baş versə, bütün səbəblər bu müharibədə axtarılır. Bizdə də belədi, bütün dünyada da. Yəni, bu gün x bir məhsul bahalaşsa, bütün gözlər zillənir Ukrayna müharibəsinə. Bəyəm, müharibədən öncə hər şey optimal idi? Neft ölkəsiyik, neft bahalaşanda benzin, neft ucuzlaşdığı qədər ucuzlaşırdı? Cavab "Yox"dursa, günah Ukrayna müharibəsində idi?! Fərqli formada bu axın dünya miqyasında da gedir. Heç bir ölkə, yaxud qurum qətiyyən problemləri son 20 ilin katastrof pul "pompalamasında", yaxud da qloballaşmada, həddən artıq rəqabətdə axtarmır. Yenə də izahlar gəlir durur Ukrayna müharibəsinin tədarük zincirini qırması və s. üzərində. Eynilə, Çin məsələsində də bu fərziyyələr keçərlidir. Hansı ki, Çinin problemi pandemiyadan deyil, uzun illər formalaşan strukturdan qaynaqlanırdı: davamlı artım, artım, artım...!".

P.Musayev  vurğuladı ki, digər tərəfdən, növbəti hücum planı, hərbi dəstək və s.-i kənara qoysaq, Ukrayna müharibəsilə bağlı son dönəmlərin ən maraqlı məqamı Kissincerin "Yeni dünya müharibəsinin qarşısını necə almaq olar?"  adlı məqaləsi ilə bağlıdır: " Məqaləsində I Dünya müharibəsindən başlayıb, özünün Ukraynaya dair formatını (2014-cü ildə işğal olunan əraziləri Rusiyaya bağışlayıb, Ukraynanın NATO-ya keçidini təmin etmək) qeyd edərək, müharibəni və dünya düzənini şəkilləndirən tanınmış geopolitik sanki mesaj verdi ki, son 100 ildə Avropanın azalan əsarətçilik hegomonluğunda ABŞ-ın Rusiyanı "zopa" kimi istifadə etməsi də rol oynayıb.Rusiya 500 ildən artıqdır ki, qlobal güc balansına öz töhfəsini verir. Özü də, keçmiş dövlət katibi bu dəfə təkcə Avropa yox, Rusiyanın sipər kimi önündə duracağı güc qismində Çinə də ima edib. Yəni, hegomonluq ABŞ-da qalsın deyə, Rusiya bu dəfə təkcə Avropanı yox, Çini də nəzarətdə saxlamaq üçün olduqca yaxşı "zopa"dır".

P.Musayev hesab edir ki, hazırki ticarət şəbəkəsi qərbə əvvəlkindən daha çox sərf edir: "Mövcud durum Rusiya neft və qazının dollayı kanallarla (məsələn, Hindistan üzərindən) daha ucuz alınmasını təmin edir. Kissincer demiş, Rusiyanın parçalanması və ya strateji siyasət imkanlarının məhv edilməsi onun 11 saat qurşağı ərazisini mübahisəli vakuuma çevirə bilər. Rəqabət edən güclər  öz fikir ayrılıqlarını zorakılıq yolu ilə həll etmək, iddialarını güc yolu ilə genişləndirməyə cəhd etmək qərarına gələ bilərlər. Kissincerin Ukraynanı NATO-da görmək istəməsinə yenidən toxunmağın üstü soyumamış, Makron da məsələyə münasibət bildirib: "Ukraynanın NATO-ya üzvlüyü Rusiya ilə qarşıdurma deməkdir". Yenə də, tərs yozum etsək, bu Fransa və qərbin Rusiya ilə savaşdan çəkinməsi demək deyil. Məsələ nədir? Ukrayna Kissincer formatına da getsə, ən pis halda qalibdir və qərbdə xüsusi nüfuza malikdir. Birinci növbədə də bu ordunun gücü ilə əlaqəlidir. İkinci bir məsələ isə, Ukrayna Türkiyə ilə müəyyən yaxınlığı olan ölkədir. O Türkiyə ki, hansı ki Avropa Birliyinə neçə il qoşulması yubadılmışdı. Niyəsi də, Türkiyənin qəbul edilən güc və qurumda ağalığa namizəd olmasında idi. Yoxsa, əlbəttə ki, zəif "Putinizm" istənilən qərblinin marağındadır, Makronun da o cümlədən. Yəni, Makron bu mesajla açıq şəkildə "Rusiyaya uduzarıq" deməz, özü bilsə belə, yenə də zəifliyini boynuna almaz. Həyasız siyasətçidir. Məsələ güc məsələsidir, Makron da bilir ki, Ukraynanın qalibiyyəti qərb blokunda balansı pozmaq gücündədir. Elə bəlkə də, qərbin Ukraynaya istənilən motivasiyası da buna görədir, bir tərəfdən.

İkinci minillikdə dünyada həm iqtisadi, həm də siyasi axınlar 2016-cı ildən ciddi dəyişməyə başladı. Trampın prezident seçilməsi, Johnsonun yüksəlməsi ilə dünyada avtokratik meyillər gücləndi. Ancaq, ABŞ və Britaniya kimi konsolidə edilmiş demokratik cəmiyyətlər bu bəladan can qurtara bildilər. Əks-qütblərdə isə bu axın hələ də özünü davam etdirir, bəzilərində oturuşmuş formada, bəzilərində isə müxtəlif dəyişikliklərlə... Bu baxımdan, gələn ili təkcə inflyasiya, ressesiya, borc böhranı və s. yox, məhz siyasi səhnələrdə baş verəcək proseslər nöqteyi-nəzərdən dönüm ili hesab etmək olar".

Məğrur,

Sitat.info



Xəbər xətti