Rusiya sülh prosesində təşəbbüskarlığı ələ almağa çalışır: İstifadə etməliyik - Siyasi şərhçi

20:51 26 Dekabr 2022

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin yerli KİV-ə müsahibəsində Azərbaycan- Ermənistan münasibətlərindən danışıb. O bildirib ki, bölgədə nəqliyyat və iqtisadi əlaqələrin açılması məsələsinə tədricən ümid etmək olar.
 Nazir müavini bildirib ki, Rusiya Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası məsələsində tərəflərin mərhələli şəkildə hərəkətinə ümid edir: “9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il və 31 oktyabr 2022-ci il tarixli üçtərəfli razılıqlar sülh müqaviləsi istiqamətində irəliləyişin əldə olunmasına kömək edəcək. Bu razılıqlar Azərbaycan-Ermənistan münasibətlərinin hərtərəfli normallaşması üçün “yol xəritəsi” formalaşdırıb”. 


Məlum olduğu kimi, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bu günlərdə Rusiyaya səfər etmiş, həmkarı Segey Lavrovla görüşmüşdü. Həmin müzakirə zamanı Lavrov demişdi ki, Azərbaycanın təklifləri sülh müqaviləsi üçün əsas yaratmağa kömək edəcək. 

 Kreml uzun illər regionda sülh və sabitliyə mane olub, Ermənistanın havadarı rolunda çıxış edib. Əks halda Rusiya Minsk Qrupunun həmsədri kimi fəaliyyət göstərdiyi müddət ərzində konkret addımlar atar, tərəflər arasında sülhə nail olmağa çalışardı. Amma belə olmadı. Əksinə, Moskva İrəvanı təhrik etməklə konstruktiv şəraitin mühitin qarşısını aldı. İkinci Qarabağ savaşından sonra isə vəziyyət dəyişdi. Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi. Həmçinin Ermənistan baş naziri Nikol Paşinyanın Rusiyadan üz döndərərək Qərbə meyl etməsi Kremlin narazılığına səbəb oldu. Şərqi Avropada 10 aydır davam edən müharibə isə Rusiya üçün çıxılmaz vəziyyət yaradıb. Bu dövlət sivil dünyadan təcrid olunmaqdadır. 

 Sadaladığımız məqamlar Rusiyanın “əlini zəiflətdi”. Beləliklə, şimal qonşumuz əvvəlkindən fərqli olaraq indi dekonstruktiv ambisiyalarını həyata keçirməyə çalışmaq əvəzinə, istəyir ki, moderatorluq rolunu qoruya bilsin. Əlbəttə, onu da nəzərə almaq lazımdır ki, bu məsələdə Rusiyanın rəqiblərinin sayı artıb. Xüsusilə Avropa İttifaqının Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması istiqamətində təşəbbüskarlığı Rusiyanı narahat etməmiş deyil. 

Bakı ilə İrəvan arasında sülh müqaviləsi imzalanması ehtimalının getdikcə daha çox reallığa çevrildiyini Moskvada başa düşürlər. Ona görə də Kreml çalışır ki, bu, üçüncü qüvvənin yox, öz vasitəçiliyi ilə həyata keçirilsin. 

 Lavrovun müavininin üçtərəfli razılıqları xatırlatması, sözsüz ki, təsadüfi deyil. O bununla demək istəyib ki, sülh müqaviləsi istiqamətində irəliləyiş məhz Rusiyanın səyləri nəticəsində mümkün olub. Qaluzin bir növ Bakı və İrəvana mesaj verməyə və öz dəyərini yüksəltməyə çalışıb. 

 Əlbəttə, Kreml səmimi deyil. Onun bu sözləri öz maraqlarının təzahürü olmaqla situativ xarakter daşıyır. Lakin rəsmi Bakı mövcud durumdan xeyrinə istifadə edə bilər. İndi Azərbaycanla münasibətləri pisləşdirmək Rusiyaya sərf etmir. Odur ki, biz şərtlərimizi masaya qoya, Rusiyanın da vasitəçiliyi ilə Ermənistan sülh masası arxasına oturda bilərik. 

Sülh müqaviləsinin kimin vasitəçiliyi ilə imzalanması bizim üçün ikinci dərəcəli məsələsidir. Daha vacib olan maraqlarımızın təmin olunmasıdır.
Və bunun üçün dediyimiz kimi, Kremlin səylərindən istifadə edilməlidir. 

Siyasi şərhçi Kənan Novruzov,

Xüsusi olaraq Sitat.info üçün



Xəbər xətti