"Dünya son 3 ildir ki, orbitindən çıxıb, bütün bilinən-bilinməyən, yazılan-yazılmayan qaydalar pozulub, insan haqq və azadlıqlarına təhdidlər artıb, qlobal dünyadan fraqmental dünyaya sancılı, ağrılı, təhlükələrlə dolu keçid baş verir və bu keçid sürəci, azı bir neçə il hələ çəkəcək"
Bu sözləri Sitat.info-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli 2023-cü illər bağlı gözləntilərini dəyərləndirərkən deyib.
Dünya iqtisadiyyatı ilə bağlı danışan iqtisadçı qeyd edib ki, 2020-ci ildə elan olunan “pandemiyanın” idarə edilməsində dünya sinifdə qaldı, bilərəkdən, ya bilməyərək iqtisadiyyata ağır zərbə vuruldu: "Virusla mücadilədə iqtisadiyyata dəstək adı altında 17 trilyon dollarlıq vəsait iqtisadiyyata səpildi – amma bu vəsait real sektora, vətəndaşlara deyil də, səhm bazarında, əmtəə və ərzaq bazarında “balonların” şişməsinə səbəb oldu, nəticədə böyük inflyasiya dalğası yarandı, bütün dünyada qiymət artımı baş verdi. 2022-də bunun nəticələrinin nə qədər ağır olduğunu görsələr də, etiraf etmədilər, sadəcə Mərkəzi Banklar uçot dərəcəsinin artırılması yolu ilə inflyasiyanı cilovlamağa başladılar, nəticəsi gələn il, 2023-də özünü göstərəcək – inflyasiya səngisə də vəsait qıtlığı və “ucuz və uzun” pullara (kreditlərə) çıxış imkanlarının məhdudlaşdırılması ressesiya effekti yaradacaq, dünyada işsizlik artacaq, iqtisadi aktivlik zəifləyəcək. Nəticədə istehlakın azaldılması, tələbin azalması yolu ilə inflyasiyaya təsir effekti yolu, dünyada aktivliyin azalmasına görə iqtisadiyyat daralacaq".
Enerji daşıyacıları bazarını təhlil edən iqtisadçı vurğuladı ki, məntiqlə Dünyada iqtisadi ressesiya gözləntiləri, aktivliyin azalması enerji daşıyıcılarına təlabatı azaltmalı, deməli qiymətlərin ucuzlaşması baş verməlidir: "Amma Rusiyanın Ukraynaya təcavüzü, işğalçı ölkəyə qoyulan sanksiyalar neft-qazın qiymətlərinin kəskin ucuzlaşmasının qarşısını alan faktora çevriləcək. Daha bir məsələ odur ki, Çin mənasız “kovid” məhdudiyyətlərini aradan qaldırır, onlar da səhv, yanlış qapanma siyasətindən geri dönürlər, deməli Çin daha çox neft-qaz istehlak edəcək, bu da neft qiymətlərinin kəskin enməsinin qarısını alacaq növbəti faktor ola bilər. Deməli 2023-də də biz yeksək enerji qiymətri görəcəyik, bu həm də qlobal “yaşıl enerji” lobbiçilərinə sərf edir – yüksək neft qiymətləri bərpaolunan enerjiyə yatırımları artırır, ucuz neft dövründə enerji keçidi ancaq subsidiyalarla mümkün olur, dövlətlər isə uzun müddətli subsidiyalara hazır deyil, ona görəö də özəl sektoru bu sahəyə cəlb etmək istəyirlər deyə, rentabellik üçün neft-qaz hələ bir müddət baha olmalıdır".
N.Cəfərli ölkələrlə bağlı isə bunları proqnozlaşdırır: "Gələn il Rusiya iqtisadiyyatına sanksiyaların kəskin təsiri ili olacaq, bu il daxili resurslar və Qərb ölkələrinin müəyyən güzəşt siyasəti 2022-də sanksiyaların təsirlərini yumşaltdı, amma getdikcə təsirlər artır-artacaq, gələn il rublun növbəti kəskin ucuzlaşmasını, Rusiyada daha yüksək inflyasiyanı görəcəyik.
Türkiyə üçün 2023-cü il bir tək Cümhuriyyətin elanının 100 illiyi ilə deyil, həm da taleyüklü seçkilərlə yadda qalacaq. Çox güman, qardaş ölkədə seçkilər yaxınlaşdıqca siyasətdə və iqtisadiyyatda populist addımlar görəcəyik, hökumət kisənin ağzını açıb çoxlu sosial ödənişlərə gedəcək, bu isə zatən fantastik olan inflyasiyanı daha da tətikləyəcək. Əgər AKP həm parlament, həm də prezident seçkilərini uduzsa, Türkiyənin başı uzun müddət daxili sistem dəyişikliklərinə qarışa bilər ki, bu da son illər yaranmış Türkiyə-Azərbaycan birgə addımlarında (xarici siyasət və təhlükəsizlik məsələlərində) axsamalara gətirib çıxara bilər".
Seymur,
Sitat.info