Azərbaycan qalib gələrsə, ilk yaşanacaq

15:26 27 Yanvar 2023

Böyük Britaniyanın “The Guardian” nəşrində Azərbaycanın Beynəlxalq Ədalət Məhkəməsində Ermənistana qarşı qaldırdığı iddia ilə bağlı geniş məqalə dərc edilib.

“Sitat.info” APA-ya istinadən xəbər verir ki, məqalədə Ermənistanın 30 il işğal altında saxladığı Qarabağda ətraf mühitə və biomüxtəlifliyə zərbə vurmaqda ittiham edildiyi vurğulanıb.

Qeyd olunub ki, münaqişə dövründə meşələrin qırılması və çirkləndirilməsi də daxil olmaqla ətraf mühitin geniş şəkildə məhv edilməsinə dair sübutları nəzərdən keçirəcək beynəlxalq tribunaldan Ermənistanın təzminat ödəməsi tələb ediləcək.

Qeyd edilib ki, bu hadisə ilə ilk dəfə olaraq hər hansı bir ölkə Bern Konvensiyası əsasında dövlətlərarası arbitraja müraciət edir və əgər Azərbaycan bu iş üzrə qalib gələrsə, biomüxtəlifliyə və ətraf mühitə vurulan zərərə iqtisadi dəyər verilməsi ilə bağlı presedent yaradacaq.

Məqalədə göstərilib ki, 1990-cı illərin əvvəllərində, Sovet İttifaqının dağılmasından sonra Azərbaycan və Ermənistan arasında baş vermiş müharibədən sonra erməni qüvvələri təxminən 30 il boyunca, Azərbaycan 2020-ci ilin sentyabrında əks-hücuma keçənədək Qarabağı nəzarətdə saxlayıblar: “Azərbaycan bildirir ki, ərazilər geri qaytarılarkən (vəhşi təbiətin-red.) yaşayış yerlərinin və növlərin zədələndiyini, təbii resursların tükəndiyini və biomüxtəlifliyin məhv edildiyini aşkarlayıb”.

Əlavə olunub ki, Avropa və Asiya arasında vacib strateji nöqtədə yerləşən Azərbaycan eyni zamanda, bitki və heyvan növləri üçün bioloji yol kəsişməsidir.

“Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, işğal dövründə (qanunsuz) mədən sənayesi biomüxtəliflik mərkəzləri olan, Qafqaz bəbiri, qonur ayı, boz qurd, çöl qartalı kimi nadir, nəsli kəsilməkdə olan və endemik növlərə ev sahibliyi edən meşələrin çoxunu zədələyib. Nazirliyin məlumatına görə, 7 min hektardan çox qoruq ərazisi zədələnib. Bu rezervlərdən bəziləri Bəsitçay (Dövlət Təbiət Qoruğu) dərəsindəki Şərq Çinarı meşəsi kimi nadir və həssas ekosistemlərin qorunması məqsədilə yaradılmışdı. Müharibə zonasında bəzilərinin yaşı 2000 il olan qədim ağacların kəsildiyi bildirilir. Bu ağaclar mikroiqlimlərin tənzimlənməsi və biomüxtəlifliyin qorunması ilə yanaşı, mədəni baxımdan da vacibdir”, - məqalədə bildirilib.

Materialda göstərilib ki, ötən il BMT-nin Ətraf-mühit Proqramının hesabatında Azərbaycanın işğaldan azad edilən ərazilərdə kənd təsərrüfatı torpaqlarında və su idarəetmə sistemlərində ciddi zədələr aşkarlamasına dair məlumatlar yer alıb. Qeyd olunub ki, Çardaqlıda kömür mədəni və daş karxanası işləri müvafiq ekoloji nəzarət olmadan həyata keçirilib və bu, kimyəvi çirklənmə və çöküntü riskləri yaradıb.

Yazıda ermənilərin basdırdığı minaların həm də ekoloji problemlərə yol açdığı vurğulanıb: “Mal-qaranı və vəhşi heyvanları öldürən, yanğınlara səbəb olan minalar problem olaraq qalır”.

Bildirilib ki, Azərbaycan Ermənistanın vəhşi flora və faunanın saxlanılması, yaşayış yerlərinin qorunması və bərpası, köçəri olanlar da daxil olmaqla spesifik növlərin qorunmasına dair Bern Konvensiyası altında götürdüyü öhdəliklərini pozduğunu bildirir. Əlavə olunub ki, Azərbaycanın arbitrajdakı nümayəndəsi, xarici işlər nazirinin müavini Elnur Məmmədov Ermənistanın işğal dövründə biomüxtəlifliyi və ətraf-mühiti qorumaq yerinə məhv etdiyini, Azərbaycanın 18 aydan çox bir müddətdə məsələni diplomatik yolla həll etməyə çalışdığını bildirib.

“Təəssüf ki, Ermənistan Azərbaycanın səylərinin qarşısını alıb və buna məhəl qoymayıb. Ona görə də bizim Ermənistanın ətraf mühitə vurduğu məsuliyyətsiz zədələrinə görə məsul tutulması üçün bu prosedurlara başlamaqdan başqa seçimimiz qalmayıb”,  - deyə Elnur Məmmədov bildirib.

Əlavə olunub ki, həm Azərbaycan, həm də Ermənistanın arbitrləri təyin etmələri üçün 3 ayı var və bu arbitrlər vurulan zərərə dair sübutları nəzərdən keçirəcək, həmçinin Ermənistanın təzminat olaraq nə qədər ödəməli olmasına dair qərar verəcəklər:

“Bern Konvensiyasını imzalayan Ermənistan hüquqi olaraq hökmə hörmət etməyə borcludur”.

Londonda fəaliyyət göstərən “Clyde & Co” hüquq firmasının hüquqşünası Zaneta Sedilekova “The Guardian“a bildirib ki, Azərbaycanın iş üzrə uğur qazanması biomüxtəlifliyin qorunmasını, mühafizəsini və bərpasını gücləndirəcək və bu presedentin dövlət və qeyri-dövlət aktorları üzərində əsaslı təsiri olacaq: “Azərbaycan iş üzrə uğur qazanarsa, bu, arbitraj tribunalının ətraf mühitin məhv edilməsinə görə təzminat ödənilməsi qərarı verməsinə, xüsusi ərazi və ölkələrdə biomüxtəliflik itkisinin, ekosistemin zədələnməsinin iqtisadi qiymətləndirilməsinə dair ilk hal olacaq”.

Məqalədə qeyd olunub ki, Azərbaycan beynəlxalq tribunaldan Ermənistanın təzminat ödəməsi ilə yanaşı, ətraf-mühiti zədələyən və hazırda da davam edən fəaliyyətlərinə son qoymasını əmr etməsini istəyir.

“2021-ci ildə Azərbaycan tərəfindən Oxçuçayda aparılan analizlər suda və çöküntülərdə kadmium, qurğuşun, nikel, dəmir, molibden və sink də daxil ağır metalların yüksək konsentrasiyasının olduğunu göstərdi. Azərbaycan bildirir ki, bəzi mühafizə olunan balıq və amfibiya növləri təhdid altındadır və problem çayın Ermənistandakı yuxarı axarının mis və molibden mədənlərindən ayrılan tullantı suları, həmçinin məişət tullantıları ilə çirkləndirilməsindən qaynaqlanır. BMT-nin Ətraf-mühit Proqramının hesabatında Oxçuçayın çirklənməsinin Ermənistanda uzun zamandır ki, narahatlığa səbəb olduğu qeyd edilib. Orada göstərilib ki, ermənilərin ətraf-mühit və vətəndaş cəmiyyəti təşkilatları çayın ağır metallar və digər tullantılarla çirkləndirilməsinə dair müntəzəm olaraq həyəcan təbili çalırlar və erməni elm adamları tərəfindən aparılan araşdırmalar da getdikcə pisləşən vəziyyəti aşkara çıxarıb”, - deyə bildirilib.

Məqalədə məsələ ilə bağlı rəy bildirməsi üçün Ermənistan hökuməti ilə əlaqə yaratmağın mümkün olmadığı qeyd olunub.

 



Xəbər xətti