Ukraynadakı dağıntıların pulunu kim verəcək - Qərb, yoxsa Rusiya...

09:30 2 Aprel 2022

Rusiyanın Ukrayna hücumundan 38 gün ötür və hələ də müharibədə səngimə müşahidə olunmur. Amma şübhəsiz ki, Rusiya ilə Ukrayna arasında gec, ya tez sülh müqaviləsi imzalanacaq. Bəs Rusiya Ukraynaya dəymiş on milyardlarla dollar maddi ziyanı ödəyəcəkmi?

Arada belə məlumat keçdi ki, Qərb Rusiyanın dondurulmuş milyardlarını Ukraynanın bərpasına yönəldəcək. Mümkünmü?

YAP-çı deputat, iqtisadçı alim Azər Badamov müharibənin daim davam etməyəcəyini söylədi: “Rusiya-Ukrayna müharibəsi nəticəsində Ukraynanın şəhərləri, sosial infrastrukturu, müəssisələri atılan  raket və bombalar nətcicəsində dağlılıb məhv olur. Müharibə həmişə davam edə bilməz. Gec-tez tərəflər masa arxasında bir kompromisə getməli və müharibəni başa çatdırmalıdırlar. Müharibənin davam etdiyi hər bir gün hər iki ölkə üçün böyük itkilər deməkdir. Müharibə hər iki ölkənin iqtisadiyyatına böyük itkilər gətirir. Xüsusilə postmüharibə dövründə Ukraynanın dağılmış şəhərləri və qaçqın düşmüş vətəndaşları üçün yenidən yaşayış şəraitinin bərpası böyük sual olaraq qalacaq.

Azər Badamov - Teleqraf.com

Azər Badamov: “Reallığı necə varsa elə başa düşməliyik”

Burda sual olunur ki, Ukraynanın dağılmış yaşayış məntəqələrini kim bərpa edəcək, Rusiya yoxa Qərb? Və ya da belə bir fikirlər eşidilir ki, Rusiyanın  Qərb banklarında dondurulmuş milyardlarla dollar vəsaitini Ukraynanın bərpasına yönəldiləcək. Belə fikirlərin tamamilə absurd olduğunu düşünürəm. Ola bilsin ki, Qərb Ukraynanın yenidən dirçəldilməsi üçün müəyyən qədər yardımlar etsin. Amma dağılmış infrastrukturunu Ukrayna özü bərpa etməli olacaq. Yəni, dünya praktikasında müharibə gedən ölkələrdə dağıntıların olması adi haldır və müharibə bitəndən sonra həmin ölkə öz ərazisini öz gücü ilə yenidən bərpa etməli olur. Rusiyanın dondurulmuş vəsaitlərinin Ukraynaya yönəldiləcəyi ilə bağlı səsləndirilən fikirlər  də elə-belə söz söhbətdən başqa bir məsələ olmadığını düşünürəm. Rusiya böyük ölkədir. Bu gün xarici banklarda dondurulmuş vəsaitlərinin geri qaytarılması ilə bağlı bir hərəkəti olmasa da, düşünürəm ki, müharibə bitəndən sonra xaricdəki bütün vəsaitlərini geri alacaq. Əks halda yenidən dünya müharibəsi baş verə biləcəyini hesab edirəm. Müharibədən əsas əziyyət çəkən Ukrayna olduğundan bu ölkə postmüharibə dövründə dağılmış iqtisadiyyatının bərpa edilməsi üçün də müəyyən bir dövrdə böyük çətinliklə qarşılşacaq. Ukraynaya olunacaq yardımlar isə könüllü halında olacaq və hesab edirəm ki,  hansı ölkə nə qədər yardım göndərəcəksə özü müstəqil qərarını verəcək. Bu  mənim subyektiv fikrimdir və reallığı necə varsa elə başa düşməliyik".

f0135bf1-2abd-4117-9574-a0b50abb.jpg (137 KB)

Şəhla Cəlilzadə: “Bu “ödənişin” hansı formada olacağı böyük sual doğurur”

Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadənin də məsələdəki mövqeyi diqqət çəkir: “Rusiyanın Ukraynadakı geniş hərbi əməliyyatı başladığı gündən bu günədək Ukraynada mindən çox mülki vətəndaş həyatını itirmiş, 10 milyona yaxın ukraynalı öz ölkəsində məcburi köçkün, 4 milyona yaxını isə digər ölkələrdə qaçqın vəziyyətinə düşmüş, ümumilikdə Ukraynaya 1 trilyon dollardan çox maddi ziyan dəymiş, ölkə fəlakətli dağıntılara məruz qalmışdır. Bütün dünya, o cümlədən Azərbaycan Ukraynaya humanitar yardım əli uzadır. Məsələn, İsveç hökuməti Ukraynadan gələn qaçqınların mənzil və digər sosial ehtiyaclarının təmin olunması məqsədilə 10,5 milyard İsveç kronu (1,1 milyard ABŞ dolları) ayıracağını bəyan edib. Lakin Ukraynaya dəymiş zərərin aradan qaldırılması, ölkənin yenidən yaşanılacaq bir yer halına gətirilməsi çox böyük vəsait tələb edəcək. Adətən müharibəni başladan və qarşı tərəfə böyük ziyan vuran tərəf beynəlxalq hüququn normaları əsasında məsuliyyətə cəlb olunaraq təzminat ödəməyə məcbur edilir. Hələ ən qədim dövrlərdə Roma İmperiyası və Karfagen arasında Pun müharibələrində məğlubiyyətdən sonra Karfagen təzminat ödəməyə məcbur edilmişdi. Eləcə də, Napaleon 1815-ci ildə Vaterloo savaşında təslim ediləndən sonra Fransanın üzərinə 700 milyon frank təzminat borcu qoyulmuşdu. Bənzər şəkildə I və II Dünya müharibələrindən sonra da təzminat məsələləri gündəmdə olmuş, I Dünya müharibəsindən sonra Almaniya müttəfiqlərə 132 milyard qızıl marka, II Dünya Müharibəsindən sonra isə İttifaq güclərinə 23 milyard ABŞ dolları ödəməyə məcbur edilmişdi. Qarşı tərəfin bu təzminatı hansı formada və nə dərəcədə ödədiyi və ödəyəcəyi isə onun məsuliyyətindədir və ayrıca araşdırma mövzusudur. Burada digər önəmli məqam isə təzminat ödəməyə məcbur edilən tərəfin məğlub olmuş tərəf olması faktıdır.

Günümüzdə yaşanan hadisələr fonunda Putin, təbii ki, başlatdığı müharibəyə görə məsuliyyət daşıyır və Rusiyanın məğlub olacağı təqdirdə mütləq ki, müharibə bitdikdən sonra təzminat ödəməyə məcbur ediləcək. Hətta bunu ABŞ prezidenti belə ifadə edib: ”Putin Ukraynanı işğal etdiyinə görə çox ağır ödəyəcək". Lakin Rusiyanın məğlub olacağını indidən əminliklə söyləmək mümkün olmadığı üçün bu “ödənişin” hansı formada olacağı böyük sual doğurur və xüsusilə Qərbi və Ukraynanın özünü ciddi narahat edir. Hazırda Rusiya Ukraynadakı müharibənin başlandığı günədək 2754 sanksiya, 24 fevraldan bu günədək isə 2800-dən çox, ümumilikdə 5500-dən çox sanksiya ilə dünyada ən çox sanksiyaya məruz qalan ölkədir. Bu sanksiyalar həm də Rusiyanın xarici banklarda olan vəsaitlərinin, daşınan və danışmaz əmlaklarının üzərinə qoyulan məhdudiyyətləri əhatə edir. Ukraynalı ekspertlər və siyasətçilər bu vəsaitin Ukraynaya yardım üçün xərclənməsini tələb edirlər. Rusiyanın Mərkəzi Bankı tərəfindən açıqlanan ən son məlumata görə, ölkənin xarici valyuta ehtiyatlarının toplam həcmi 585 milyard dollardır. Lakin bu ehtiyatların heç də hamısı əl-çatan deyil. Belə ki, bu ehtiyatların 22%-i Rusiyada qızıl külçələrdə, 14%-i Rusiyanın müttəfiqi olan Çinin valyuta ehtiyatı olan renminbi ilə, 5%-i isə müxtəlif beynəlxalq təşkilatların hesablarında saxlanılır.

Beləliklə Qərbin və Ukraynanın əli çatan 350 milyard dollardan söhbət gedir ki, bunun 12%-i Fransa, 10%-i Almaniya, 10%-i Yaponiya və 7%-i ABŞ-da saxlanmaqdadır və hazırda dondurulmuş vəziyyətdədir. Bu məbləğin hüquqi olaraq Rusiyadan alınaraq Ukraynaya yönləndirilməsi qərarını yalnız BMT Təhlükəsizlik Şurası verə bilər ki, hələ ki belə bir presedent BMT tarixində yoxdur və olması da mümkün görünmür, çünki BMT Təhlükəsizlik Şurasında yer alan Rusiyanın özü və Çin bu qərarı avtomatik veto edəcək. Bunun əvəzinə BMT çərçivəsində Ukraynaya yardım beynəlxalq fondu yaradıla və könüllü şəkildə dünya dövlətlərindən yardım toplana bilər. Rusiyanın bu məsələdə necə davranacağını və təzminat ödəməyə məcbur edilib-edilməyəcəyini isə müharibənin nəticəsi müəyyən edəcək. Kremlin müharibədə məğlub olmasını ehtimal etmək çətin olsa da, müharibənin sonlandırılmasını təmin edəcək Ukrayna ilə geniş sülh müqaviləsi çərçivəsində təzminat məsələsinin yer alması böyük əhəmiyyət daşıyacaq"./Musavat.com



Xəbər xətti