Qadın Problemlərinin Tədqiqatları Mərkəzi ilk tədbirini Şirvan şəhərində keçirdi

10:06 20 Sentyabr 2023

“Qadın Problemlərinin Tədqiqatları Mərkəzi” İctimai Birliyi regionlarda yaşayan qadınların elektron xidmətlərlə bağlı maarifləndirilməsini nəzərdə tutan ilk tədbirini Şirvan şəhərində keçirib. “Regionda yaşayan qadınların elektron xidmətlərdən istifadə ilə bağlı məlumatlandırılması” layihəsi çərçivəsində keçirilən məlumatlandırma sessiyasına Şirvan şəhərindən olan 41 nəfər qatılıb. 

Sitat.info xəbər verir ki, Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində keçirilən tədbirdə çıxış edən  Şirvan Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rafael Nəsirov elektron xidmətlərlə bağlı maarifləndirmənin əhəmiyyətindən danışıb. 

“Qadın Problemlərinin Tədqiqatları Mərkəzi” İctimai Birliyinin sədri Sevil Allahverdiyeva bildirib ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunur.

S.Allahverdiyeva qeyd edib ki, layihənin məqsədi regionda yaşayan qadınları dövlət qurumlarının göstərdiyi elektron xidmətlərlə bağlı məlumatlandırmaqla onların xidmətlərə əlçatanlığını artırmaq və elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsinə dəstək verməkdir: “Layihə çərçivəsində Şirvan, Neftçala, Kürdəmir və Zərdab rayonlarında yaşayan qadınların respublikamızda ayrı-ayrı dövlət qurumlarının “Elektron hökumət portalı” və öz internet səhifələri vasitəsi ilə göstərdikləri elektron xidmətlərlə bağlı maarifləndirilməsi nəzərdə tutulur. Həmçinin ehtiyacı olan şəxslərə elektron xidmətlərdən istifadədə köməklik göstəriləcək”.

Daha sonra tədbirdə çıxış edən tədbirin məruzəçisi Xalid Kazımov tədbir iştirakçılarına respublikamızda ayrı-ayrı dövlət qurumları, yerli özünüidarəetmə orqanları, ictimai xidmətlər göstərən qurumlarının “Elektron hökumət portalı”, my.gov.az portalı və öz internet səhifələri vasitəsi ilə göstərdikləri elektron xidmətlər və onlardan istifadə qaydaları ilə bağlı ətraflı məlumat verib. Qadınlara nəzəri məlumat verməklə yanaşı, hər bir xidmətdən istifadə qaydaları da əyani şəkildə göstərilib. Bununla da qadınlar evdən çıxmadan, hər hansı quruma getmədən dövlət xidmətlərini elektron qaydada almağa təşviq edilib. 
Sonda mövzu ilə bağlı iştirakçıların sualları cavablandırılıb.




Xəbər xətti