İnfeksionist: “Yalnız ağır xəstəliyi olanlar maskadan, vaksindən istifadə edə bilər...”
Açıqlanan son statistik məlumatlara görə, Azərbaycanda 56 nəfər koronavirusa yoluxub, yeni sağalanların sayı 28 nəfər, ölüm sayı isə bir nəfər olub. Göründüyü kimi, ölkəmizdə COVİD 19-a yoluxma sayı faktiki sıfıra enib. Amma maska rejimi hələ də qalır. Peyvənd vurduranlar, o cümlədən buster doza qəbul edənlərin təzədən nə vaxtsa vaksin vurdurmasına ehtiyac olacaqmı? Olacaqsa, növbəti peyvənd nə vaxt vurulmalıdır?
Yeri gəlmişkən, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 pandemiyası ilə bağlı vəziyyətin inkişafının ən çox ehtimal olunan ssenarisi kimi əhalidə immunitetin artması səbəbindən xəstəliyin gedişatının şiddətinin azalmasını hesab edir. ÜST Baş katibi Tedros Adhanom Qebreyesus bildirib ki, ÜST COVID-19 ilə bağlı strateji planın üçüncü redaksiyasını işləyib hazırlayıb: “Bildiklərimizə əsasən ən çox ehtimal olunan ssenari ondan ibarətdir ki, COVID-19 virusu inkişaf etməyə davam edəcək, lakin səbəb olduğu xəstəliyin ağırlığı tədricən azalacaq, çünki vaksinasiya və yoluxma nəticəsində immunitet artacaq”, - deyə Tedros Qebreyesus vurğulayıb.
ÜST-nin Baş direktorunun sözlərinə görə, strateji plan, həmçinin digər iki ssenarini nəzərdə tutur. O bildirib ki, immunitet azaldıqca, COVID-19-a yoluxma hallarında “mütəmadi sıçrayışlar” baş verəcək və əhalinin həssas qrupları üçün buster vaksinləri tələb olunacaq.
ÜST-nin Baş direktorunun sözlərinə görə, 2022-ci ildə pandemiyanın kəskin fazasına son qoymaq üçün müşahidəetmə sistemi, immunizasiya, müalicə, tədqiqatların aparılması və COVID-19 qarşı alətlərə bərabər çıxışın təmin edilməsinə investisiyaların qoyulmasına ehtiyac var. Bundan əlavə, o qeyd edib ki, pandemiya ilə mübarizədə səylərin koordinasiyasına diqqət yetirilməlidir. O təsdiqləyib ki, təşkilat əvvəlki kimi bu ilin ortalarına qədər bütün ölkələrdə əhalinin ən azı 70 faizinin koronavirusa qarşı vaksinlərlə əhatə edilməsinə nail olunmasını vacib vəzifə hesab edir. Baş direktor xatırladıb ki, bu günə planetin üçdə biri hələ ki bir dənə də olsun vaksin dozasını almayıb, onlardan 83 faizi Afrika ölkələri vətəndaşlarıdır.
Bu arada, Azərbaycanda xəstələr olmadığı üçün modul tipli xəstəxanalar bağlanır. Bəs onların yerində hansısa başqa tibbi xidmətin təşkili mümkündürmü?
Mərdan Əliyev
Həkim-infeksionist Mərdan Əliyev “Yeni Müsavat”a mövzu ilə bağlı fikirlərini bildirib: “Ölkəmizdə pandemiya ilə bağlı vəziyyət çox yaxşıdır. Pandemiya sona yetir. Yoluxma sayı da sıfıra yaxınlaşır. Bu, kollektiv immunitetin formalaşmasıyla bağlıdır. Kollektiv immunitet artıq formalaşıb. Təbii olaraq bundan qabaqkı karantin qaydalarında olduğu kimi karantin gücü hesabına yox, təbii şəkildə məhdudiyyətlərin aradan qaldırılması fonunda yoluxma sayında azalmalar baş verir. Bu da kollektiv immunitetin formalaşdığını göstərir və onu deməyə əsas verir ki, həm maskaların istifadəsinə artıq bir çox yerlərdə ehtiyac yoxdur.
Məncə, peyvənd sertifikatları da digər ölkələrdə olduğu kimi artıq aradan qaldırılmalıdır. Çünki bunlar artıq, əlavə işlərdir. Bu işlərə əlavə enerji sərf olunur. Yalnız maskadan istifadə əhalinin sıx olduğu, nəfəs-nəfəsə olduğu yerlərdə, marşrut avtobusları, yaxud xəstəxanalarda saxlanıla bilər. Restoranlarda, şadlıq saraylarında maskalardan istifadə olunması məntiqsiz görünür. O cümlədən, peyvənd sertifikatlarının da tələb olunmasına ehtiyac yoxdur. Çünki kollektiv immunitet formalaşıb.
Amma biz yenə də buna nə vaxtsa, ehtiyac duyacağıqmı? Ola bilsin ki, ehtiyac duyaq. Pandemiya bitsə də, virus tamamilə həyatımızdan çıxmayıb, virus qalır. Payız-qış aylarında yenidən alovlanma mümkündür. Düzdür, pandemiya səviyyəsində olmayacaq. Amma kəskin respirator xəstəliklər törədə bilir. Buna görə risk qrupuna daxil olan şəxslər var ki, xəstəliyi ağır keçirir. Yaxud xəstəliyi ağır keçirməyib, amma riskli qrupa daxildir. Müəyyən dərman istifadə edən şəxslər var, immun sistemini zəiflədir, o zaman xəstəliyi ağır keçirmək ehtimalı var. Sirroz xəstələri, ağciyər xəstələri peyvənd olunmalıdır. Bu şəxslər özləri gedib peyvənd olunmalıdır, maskadan da fərdi şəkildə istifadə etməlidirlər. Yəni maskalardan istifadə, vaksinlərin tətbiqi fərdi şəkildə olmalıdır. İnsan öz orqanizminə görə peyvənd vurdurmalıdır, lazım olan yerlərdə maska taxılmalıdır".
İnfeksionist koronovirusun sonuncu pandemiya olması ilə bağlı deyilənlərə də fikir bildirib: “Bu həqiqəti əks etdirmir, absurd fikirdir. Bunu indidən proqnozlaşdırmaq mümkün deyil. Müəyyən illərdən bir yeni viruslar, yaxud bakterial mənşəli pandemiyalar meydana çıxa bilər. Modul tipli xəstəxanalara gəldikdə isə bunlara artıq ehtiyac yoxdur. Bəziləri sırf COVİD 19 üçün açılmışdı, bəziləri başqa məqsəd üçün açılmışdı. İndi modul tipli xəstəxanalar başqa məqsədlər üçün istifadə olunacaq. Ümumi tibbi məqsədlər üçün, klinika kimi istifadə olunacaq”.
Bu arada, dünyada 488 675 169 nəfərdə koronavirus aşkarlanıb. Virusdan 6 167 166 xəstə ölüb, 423 682 897 nəfər sağalıb. Virusa yoluxma sayına görə ilk beşlikdə olan dövlətlər ABŞ (81 780 503 nəfər), Hindistan (43 025 775 nəfər), Braziliya (29 947 895 nəfər), Fransa (25 614 843 nəfər) və Almaniyadır (21 228 065 nəfər).
Sərhəd qonşularımız arasında Rusiyada 17 842 925, Türkiyədə 14 860 560, İranda 7 162 220, Gürcüstanda 1 648 264, Ermənistanda isə 422 519 nəfərdə koronavirus aşkar edilib.
Azərbaycanda koronavirusa yoluxan 791 932 nəfərin 9 692-si ölüb, 781 889 xəstə sağalıb.
Aydın Əliyev
Tanınmış həkim-radioloq Aydın Əliyev də öz sosial şəbəkə hesabında qadağalarla bağlı çağırış edib: “Təklif edirəm ki, COVİD pasportu, qapalı yerlərdə maska taxılması, COVİD-19 uçuş testləri tələbləri və qapalı məkanlarda insanların toplaşma sayındakı məhdudiyyətlər aradan qaldırılsın. Ümumiyyətlə, bütün karantin qadağaları ləğv edilsin. İnsanlara cərimələr yazılmasın! İnsanlar rahat yaşasın! Pandemiya bitib artıq...”